AZƏRBAYCAN AKROBATLARI, AVROPA ÇEMPİONLARI: “BİZ DÜNYA AKROBATİKASI LİDERLƏRİ SIRASINA DAXİL OLDUĞUMUZU SÜBUT ETDİK”
Şənbə günü Portuqaliyada keçirilən Avropa
çempionatında möhtəşəm tərzdə qalib gələn akrobatlar Ayla Əhmədova və Dilarə
Sultanova və onların məşqçisi İradə Qurbanova ilə müsahibə.
- Sizi
əla çıxışınız və tarixi uğur münasibəti ilə təbrik edirik.
Ayla Əhmədova: - Biz Avropa çempionatına yaxşı hazırlaşmışdıq, bundan
əvvəlki Dünya oyunlarında və Dünya kubokundakı çıxışlarımız bizə optimist olmağa
əsas verirdi.
Dilarə Sultanova: - Doğrudur, həmin yarışlardan fərqli olaraq, bu dəfə
biz 1-ci ola bildik! Bu, çox yaxşıdır! Biz çox məmnunuq!
İradə Qurbanova: - İnanılmaz təəssüratlardır! Bizim şərəfimizə himn
çalınanda isə təsviredilməz hisslər keçirirdik. Bu hissləri sözlərlə ifadə
etmək çətindir. Azərbaycan akrobatikası bu uğura ilk dəfə nail olur.
- Əvvəlki yarışlarda olduğu kimi, sizin başlıca rəqibləriniz Belarus və
Belçika idmançıları idi. Nəyin hesabına onları keçməyə müvəffəq oldunuz?
Ayla Əhmədova: - Biz bu uğura qədər uzun yol qət etmişdik. Bizim
səylərimiz puç olmadı. Əgər əvvəllər qələbə üçün nə isə çatışmırdısa, bu dəfə
hər şey alındı. Biz çox güclü rəqibləri qabaqlaya bildik. Məsələn, belaruslar
2-qat dünya çempionlarıdır.
Dilarə Sultanova: - Dünya çempionatında biz temp çalışmaları finalında
qızıl mükafat əldə etdik, amma “balans”da da qalib gələ bilərdik. Həmin
çalışmada bizə yüzdə yeddi xal çatmadı.
- Avropa çempionatında Azərbaycan cütlüyünün uğurları təəccübə səbəb oldumu?
İradə Qurbanova: - Xeyr. Biz artıq iri yarışlarda kifayət qədər çıxış etmişik.
Çoxları sevinirdi ki, nəhayət, biz də böyük uğura nail olduq.
Ayla Əhmədova: - Bizi burada çoxları bəyənir. Yaxınlaşırlar, qələbə ilə təbrik
edirlər.
Dilarə Sultanova: - Bizə Portuqaliyada azarkeşlik edirdilər. Bizim cütlüyü
yaxşı tanıyırlar.
- Bazar günü sizi çoxnövçülükdə yarışlar gözləyir. Bu başdöndürən uğurlardan
sonra rahatlaşmayacaqsınız ki?
Ayla Əhmədova: - Əksinə, biz daha da gərgin mübarizə aparacağıq. Bu qələbə bizi
ruhlandırdı.
İradə Qurbanova: - Əsas odur ki, bu gərgin yarış qrafikinə tab gətirmək üçün
kifayət qədər fiziki qüvvə olsun. Uğurlu çıxışları davam etdirməyə səy
göstərəcəyik.
- Bu Avropa çempionatına siz Daşkənddə hazırlaşırdınız. Toplanışlar necə
keçmişdir?
İradə Qurbanova: - Adətən, biz Belarus və ya Rusiyaya gedirik, ancaq bu dəfə
oradakı zallar məşğul idi. Belə ki, həmin ölkələrin idmançıları tam qüvvə ilə
çempionata hazırlaşırdılar. Ona görə də biz qərar verdik ki, Avropadan kənara
yollanaq. Daşkəndi seçdik. Bizə orada zal ayırdılar. Bu toplanışlar bizə çox
kömək etdi. Deməli, nahaq bu qədər çox işləməmişik.
- Son iri yarışlarda əldə edilən sabit yüksək nəticələr bizim cütlüyü dünya
akrobatika liderləri sırasında görməyə icazə verirmi?
Ayla Əhmədova: - Düzünü desək, bəli. Biz sübut etdik ki, elitanın
tərkibindəyik.
İradə Qurbanova: - İndi öz mövqelərimizi qoruyub saxlamaq üçün səy göstərmək
lazımdır. Düzdür, başda Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva olmaqla,
Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə bunu etmək daha da
asanlaşacaq. Mən Federasiyamızı və bütün idman ictimaiyyətini bu tarixi
nailiyyət münasibətilə təbrik edirəm. Bundan sonra da uğurlu nəticələrimizlə
sevindirməyə çalışacağıq.