MARİANA VASİLEVA: “AZƏRBAYCAN GİMNASTLARI DÜNYA GİMNASTİKASINDA MÜASİR TENDENSİYALARI DİQTƏ ETMƏLİDİRLƏR”
Bu günlərdə bolqar mütəxəssis Mariana Vasilevanın bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilməsinin bir ili tamam olmuşdur. Doğrudur, buna qədər o, Pekin Olimpiadasında 7-ci yeri tutmuş qrup hərəkətləri komandası ilə 6 ay işləmişdir.
Hesabat dövründə isə Mariana Vasilevanın rəhbərliyi altında Azərbaycan gimnastları çoxsaylı beynəlxalq startlarda, o cümlədən Bakıda Avropa çempionatında və Yaponiyada dünya çempionatında iştirak etmişlər. Xatırladaq ki, Bakı turnirində Azərbaycan ilk dəfə komanda hesabında gümüş medal qazanmış, Anna Qurbanova topla hərəkətlərdə bürünc medal sahibi olmuş, həmçinin yeniyetmə qrup komandası “gümüş” əldə etmişdir. Dünya birinciliyinə gəldikdə isə, Azərbaycan yenidən komanda hesabında bürünc medal əldə etmiş, Aliyə Qarayeva isə topla hərəkətlərdə gümüş mükafat sahibi olmuşdur.
Beləliklə, Mariana Vasilevanın bədii gimnastikamızın inkişafında əməyi danılmazdır. Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsində bir il – artıq yekunlar gətirmək üçün vaxtdır. Mariana Vasileva yetirmələrinin nailiyyətləri barədə danışmadı, yalnız bu mövzuya kiçik nəzər salaraq, bədii gimnastika üzrə milli komandada onun rəhbərliyi dövründə nələrin dəyişdiyi barədə söhbət saldı. Həm də təkcə öz yetirmələri barədə yox, özündə hansı dəyişikliklərin olması barədə.
- Bilirsiniz, il mənim üçün necə də tez keçdi, düzünü desəm, ilin necə gəlib keçdiyini mən də başa düşmədim, - Mariana Vasileva qeyd edir. – Avropa çempionatına hazırlaşmağa başladıq, sonra dünya birinciliyinə hazırlaşdıq, və beləliklə də il tamam oldu. Mən çox şadam ki, Avropa və dünya çempionatları çox yaxşı başa çatdı. Bizdə artıq Avropa çempionatının gümüş mükafatçısı olmuş yeniyetmələrdn ibarət qrup komandamız var. Böyüklərdən ibarət qrup komandamız isə dünya çempionatında dördüncü yeri tutmuşdur. Bunlar hamısı, mənim fikrimcə, gözəl nəticələrdir. İl tez keçdi, çünki iş çox idi, iş olmayanda vaxt uzanır.
Nə dəyişib? Demək çətindir, çünki mən bütün günü zaldayam (müsahibə axşam saat səkkizdə Olimpiya idman kompleksinin zalında baş tutmuşdur – müəllif). Bir şey deyə bilərəm, mən əvvəllər olmayan işləmək istəyini görürəm. Mən yığma komandanın bütün qızlarını Olimpiya kompleksinə toplamağa çalışdım ki, uşaqlar real rəqabət şəraitində işləyə bilsinlər. Bu cür onlar daha tez formalaşırlar. Mən həm də onu görürəm ki, qızlar daha bacarıqlı olublar, bizim məqsədlərimiz daha da yüksəlib. Mənə elə gəlir ki, onlar əvvəllər özlərinə inanmırdılar, onlar inanmırdılar ki, Azərbaycan yüksək səviyyəyə çıxa bilər. Gimnastlarımızın beynəlxalq arenada əldə etdiyi nəticələr onu göstərdi ki, bu nəinki mümkündür, onlar hətta bunu ediblər.
- Fikrinizcə, ötən il ərzində sizə münasibət dəyişibmi?
- Mən açıq danışmağa alışmışam. Mənə elə gəlir ki, Azərbaycan gimnastika dairələrində əcnəbiləri çətin qəbul edirlər. Elə təəssürat yaranır ki, onlar özlərini az qiymətləndirilmiş hesab edirlər, və buna görə də xarici mütəxəssis dəvət edilib. Əksər məşqçilər mənimlə razılaşırlar, eyni zamanda da hiss etmirlər ki, özlərini necə mənə qarşı qoyurlar. Heç nəyə baxmayaraq, mən hamı ilə normal işləmək və heç kimin xətrinə dəyməmək istəyirəm. Elə fikirləşirəm ki, artıq hamının nəyə qadir olduqlarını göstərmək vaxtıdır. Çünki bir il ərzində mən artıq anlamışam, bizim məşqçilərdən kim nəyə qadirdir, və kim nə qədər çox işləmək istəyir ki, bu da çox vacibdir. İnsan hər zaman özünü kamilləşdirməlidir, amma təəssüf ki, burada daha yaxşı olmaq istəyən insanlar azdır.
- Bəs onların arasında elələri var ki, sizə münasibətləri dəyişib?
- Əlbəttə var, ən azından mən buna inanıram. Mən burada hər şeyi ürəkdən və Azərbaycandan ötrü edirəm. Mən həm də onu deyə bilərəm ki, bu, mənim əməyimdir və mən səmimi işləməyi sevirəm. Hal-hazırda deyə bilərəm ki, mənim vətənim Azərbaycandır. Əgər mən Azərbaycanda çalışıramsa, deməli mən ölkənin maraqlarının müdafiə etməliyəm. Hərdən mən bu barədə hakimlərlə danışıram, çünki uşaqlar zalda öz həyatlarını verirlər, özlərini tamamilə işə verirlər. Əks halda, onlar Azərbaycanın qəhrəmanı olmazdılar, necə ki, bəzilərini həqiqətən də bu cür adlandırnaq olar. Onlar öz ölkələri üçün çox şey veriblər. Ümid edirəm ki, bu qızlar gələcəkdə çox yaxşı məşqçi olacaqlar, çünki onlar, baxmayaraq ki, yalnız bir il ötüb, yaxşı məktəb keçiblər. Mən istəyirəm ki, onlar bilsinlər, xalçaya çıxanda ölkənin şərəfini qoruyurlar, daha sonra öz maraqlarını.
- Azərbaycan yığmasının sükanı arxasındakı bir il ərzində sizdə nə dəyişikliklər baş verib?
- Bilirsiniz, mən hər axşam fikirləşirəm ki, günüm necə keçib, nəyə görə belə olub, başqa cür yox. Ona görə də bu cür sualları tez-tez özümə verirəm. Deyə bilərəm ki, bir il ərzində mən müdrikləşmişəm, çünki cavan biri olaraq, zəngin kollektivlə idarə edirəm. Mənim üçün 12 yaşlı qızlarla və yaşı 70-i keçən mütəxəssislərlə dil tapmaq vacibdir. Həm də onu qeyd etmək istəyirəm ki, mən səmimi qəlbdən Azərbaycanı sevdim. İlk zamanlar bunu heç gözləmirdim. Mən öz işimi sevirəm, harada işlədiyimin fərqi yoxdur. Amma hələ fikirləşmirdim ki, mən tam qəlbimlə işləyəcəm. Onu da müşahidə etmişəm ki, Azərbaycandan kənarda çox qala bilmirəm. Misal üçün onu deyə bilərəm ki, dünya çempionatından sonra mən anamı görmək üçün Bolqarıstana getdim, amma artıq beşinci gün mən geri qayıtmaq istəyirdim. Mən artıq gələcəklə bağlı planlar qururam, və onların hamısı Azərbaycanla bağlıdır. Xüsusilə fikirləşirəm ki, gələn il nələr üzərində işləyəcəyik, konkret planlar nələr olacaq, və düşünürəm ki, 2011-ci il üçün komanda yığmaq lazımdır. Hər halda, fikirləşirəm ki, mənim işim boşa getməyəcək.
- Artıq Bakıda sevimli yerləriniz varmı?
- Bu, həqiqətən çətin sualdır, çünki mən şəhərdə çox az oluram. Amma bəzi yerlər var, məsələn, Çin restoranı. Həmçinin boulinq oynamağı xoşlayıram. 100-110 xal yığıram, amma mən sadəcə həvəskaram. Mənim axşamlar gəzmək də xoşuma gəlir, axşam Bakı çox gözəldir.
- Gələn il üçün planlara nə daxildir?
- Qeyd edim ki, bu günlərdə Beynəlxalq Gimnastika Federasiyası yeni reytinqi açıqlayıb, burada komandamız hər iki növdə beşinci yerdə qərarlaşıb. Baxmayaraq ki, buraya dünya çempionatının nəticələri daxil deyil. Hesab edirəm ki, əgər biz 3-4 yarışa beşinci yerə qalxmışıqsa, deməli, ilk üçlüyə düşmək üçün mübarizə apara bilərik. Mən heç vaxt qızlara demirəm ki, bu və ya digər yerləri tutsunlar. Mən istəyirəm ki, biz rəqiblərimizin xoşuna gələk, onlar yaxınlaşıb bizi təbrik etsinlər, dünya çempionatında məhz bu cür də oldu. Gələn il bizim üçün çox çətin olacaq. Amma əsası odur ki, gimnastlarımızın yalnız özlərinə məxsus müəyyən tərzləri olsun. Azərbaycan gimnastlarının dünya gimnastikasında yeni tendensiyaların qanunvericisi olmaları vacibdir. Lazımdır ki, bu, təkcə dünya gimnastikasının aparıcı ölkələri tərəfindən olmasın, həm də bizim tərəfdən olsun, çünki biz də aparıcı gimnastika ölkəsiyik.