AZE
İdman gimnastikadan başlayır

Müsahibə

Arxiv

Batut gimnastikası üzrə 32-ci Dünya Çempionatı başa çatdı

12.11.2017

Ötən həftəsonu Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə Dünya Çempionatı (9-12 noyabr) öz işinə yekun vurdu. 34 ölkədən iştirakçıların qatıldığı çempionatda Azərbaycan təmsilçiləri Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov da yer alıb.

Ölkəmizdə 2013-cü ildən inkişaf etdirilən bu idman növü üzrə gimnastlarımız artıq 4-cü dəfədir ki, Dünya Çempionatında öz güclərini sınayıblar. Ən yaxşıların qatıldığı mübarizədə fərqlənmək hər nə qədər çətin olsa da, Svetlana və Veronikadan ibarət qadın cütlüyümüz sinxron proqramda ilkə imza ataraq, finala qədər yüksəlməyi bacarıblar. Qızlarımız həlledici mərhələdə yarışları 7-ci yerdə başa vurublar. Svetlana həmçinin fərdi proqram üzrə də 60 ölkənin iştirakçısı arasından yarım-finala yüksəlmiş və bu mərhələdə 17-ci yerlə kifayətlənmişdir.

Bu turnir ölkəmiz üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, məhz batut gimnastikası üzrə Dünya Çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.

Çempionatın ardınca Sofiya şəhəri növbəti mötəbər turnirə - Dünya Yaş qrupu Yarışlarına ev sahibliyi etməyə hazırlaşır.  16-19 noyabr tarixlərində keçiriləcək yarışlarda ölkəmizi batut və tamblinq üzrə gimnastlarımız Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Zeynəb Qasımlı və Selcan Mahsudova təmsil edəcəklər.

Xatırladaq ki, 2018-ci ilin 12-15 aprel tarixlərində batut, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa Çempionatını məhz paytaxtımız - Bakı şəhəri qəbul edəcək.