İdman

gimnastikadan

başlayır

AGF-nin təşkilatçılığı ilə Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçirilib 

17 oktyabr 2022

AGF-nin təşkilatçılığı ilə Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçirilib 

Oktyabrın 13-dən 16-dək Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Xüsusi Olimpiya üzrə məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kursları keçirilib. 
Xüsusi Olimpiya üzrə yunanıstanlı mütəxəssis Sofiya Buranın rəhbərliyi altında tədris edilən kurslarda 9 məşqçi iştirak edib.  
Nəzəri və təcrübi məşğələlərin keçirildiyi kursların təşkilində məqsəd Xüsusi Olimpiya Hərəkatı üzrə bilik və bacarıqların artırılması, bu sahədə ixtisaslı kadrların hazırlanması olub. 
“Məşğələlərin təşkilində məqsəd yerli mütəxəssislərin Xüsusi Olimpiya üzrə beynəlxalq səviyyədə bilik və bacarıqlara sahib olmaları, bu sahənin incəliklərini dərindən mənimsəmələridir”, - deyə yunanıstanlı mütəxəssis bildirib. O qeyd edib ki, Azərbaycanda bədii gimnastika idman növü kifayət qədər inkişaf edib. Gimnastika hamı üçün növü də inkişaf mərhələsindədir. Sofiya Bura kursların keçirilməsi üçün Milli Gimnastika Arenasında yüksək səviyyəli şəraitin mövcud olduğunu da diqqətə çatdırıb. Kursların yekununda mütəxəssislər iştirakçı diplomu ilə təltif olunublar.