İdman

gimnastikadan

başlayır

Gənc aerobika gimnastlarının Bakıdakı dünya birinciliyinə az qaldı

14 may 2021

Gənc aerobika gimnastlarının Bakıdakı dünya birinciliyinə az qaldı

Bir həftədən sonra ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.

Növbəti həftənin bu günü Milli Gimnastika Arenası öz qapılarını yeniyetmə və gənc aerobika gimnastları üçün açacaq.

Qeyd edək ki, aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları ölkəmizdə ilk dəfə keçirilir. 2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutmuşdu.

21-23 mayda təşkil ediləcək yarışda 18 ölkədən 202 gimnastın iştirak gözlənilir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Gimnastlar yarışların ilk iki günü təsnifat mərhələsində yarışaraq öz aralarında finalçıları müəyyənləşdirəcəklər.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Yarışlar hər gün saat 12:00-da başlayacaq. İlk gündə yarış 16:30-da Açılış Mərasimi ilə, 2-ci gün 16:12 və son gündə 18:03-də bitəcək.

Onu da qeyd edək ki, mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, Yaş Qrupları Yarışları da tamaşaçı iştirakı olmadan keçiriləcək.

Buna baxmayaraq, gimnastika sevərlər bu yarışın həm təsnifat, həm də final mərhələlərini gymtv.online internet səhifəsi vasitəsilə canlı izləmək imkanı əldə edəcəklər. Gimnastların çıxışlarından dərhal sonra verilən xalları haqda məlumatı isə https://www.smartscoring.com/az/  səhifəsindən ala bilərsiniz.