14 və 15 dekabr tarixlərində Milli Gimnastika Arenasında qış mövsümünün ən parlaq hadisələrindən biri - bədii gimnastika üzrə "Qış nağılı" adlı beynəlxalq turnir keçiriləcək. Bu zəriflik yarışı 2009-2018-ci il təvəllüdlü gənc gimnastların parlaq performanslarını və qışın füsunkar ab-havasını bir araya gətirəcək.
İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışları qışın sehri ilə birləşib izləyicilərə unudulmaz anlar bəxş edəcək, gimnastikanın valehedici dünyasına pəncərə açacaq.
"Qış nağılı" xarici ölkələrin gimnasika federasiyalarını, klubları və yerli gimnastika cəmiyyətlərini bir araya gətirərək gimnastikanın müxtəlif üslublarını və texnikalarını nümayiş etdirəcək. Bu, həm də gənc gimnastların bacarıqlarını geniş auditoriya qarşısında nümayiş etdirmək və onların qlobal səhnədə parlaması üçün yaradılan bir fürsətdir. Qeyd etmək lazımdır ki, növbəti il yeni yarış qaydaları qüvvəyə minəcək. Gələn ilin yarışlarına cari ildən hazır olmaq və bu qaydaları mənimsəmək üçün idmançıları yeni qaydaların tətbiq olunduğu bu turnirdə iştirak edib təcrübə toplamağa çağırırıq.
Sizi bu qış gecəsinin sehrini bizimlə yaşamağa dəvət edirik. Gimnastlarımızın nağıllardan çıxmış qəhrəmanları xatırladacaq performanslarını izləmək üçün bu turnirdə yerinizi alın və qışın sehrli dünyasına bizimlə addım atın.
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası