Azərbaycan Gimnastika Federasiyası 2025-ci ilin fevral ayından etibarən beynəlxalq yarışlar mövsümünə start verir.
Federasiyanın təşkil edəcəyi ilk yarış 22 və 23 fevralda, ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək “Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku” olacaq. Yarışda 16 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı milli komandamızın üzvləri qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və "Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi"nin I yeri Şəfiqə Hümbətova, kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edəcək. Yarışda ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcək. Tamblinq üzrə yarışda isə komanda hesabında Dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında I yer qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov təmsil edəcək.
İdmançıların çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat və yarımfinal mərhələsinə 10 manat (22 fevral), final mərhələsinə isə 15 manat (23 fevral) təşkil edir.
Yarışların başlama vaxtı:
22 fevral - 13:30
23 fevral - 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr.,178
Keçid: “Koroğlu” metro stansiyası