İdman

gimnastikadan

başlayır

Akrobatika Gimnastikası

Akrobatika gimnastikası musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür.

Yarışlarda gimnastlar 5 proqram üzrə mübarizə aparırlar: qadın, kişi və qarışıq (1 qadın və 1 kişi) cütlüklər, qadın (3 nəfər) və kişi (4 nəfər) qrupları. Mötəbər turnirlərdə cütlük və ya qruplar balans, temp və qarışıq hərəkətləri nümayiş etdirirlər. Bütün çıxışlar ölçüsü 12x12 m olan və əlavə 1 m məhdudlaşdırıcı təhlükəsizlik xətti ilə əhatə olunmuş elastik gimnastika xalçasında yerinə yetirilir.

Cütlük və qrupların çıxışlarına gimnastlar tərəfindən yaradılmış və üç saniyə ərzində saxlanılmış piramidalar daxil olmalıdır. Statik vəziyyətdə dayanma, elastiklik, tərəfdaşı havaya ataraq tutma, salto, dinamik və tamblinq elementlərindən ibarət hərəkətlərin yerinə yetirilməsi zamanı hakimlər artistizm, icra və hərəkətlərin çətinliyini qiymətləndirirlər.

Akrobatika gimnastikasında tərəfdaşların boyunun uyğun gəlməsinə dair Beynəlxalq Gimnastika Federasiyasının (FIG) xüsusi qaydaları var. Yarışlar zamanı hər bir gimnastın boyu ölçülür və tərəfdaşının boyu ilə uyğunluğu dəyərləndirilir. Uyğunsuzluq aşkar edildikdə, FIG-nin qaydalarına əsasən müvafiq cərimə xalı çıxılır.

Akrobatika gimnastikasının gözəlliyi valehedici bacarıqların xüsusi ustalıq və rahatlıqla icra olunmasındadır.

Akrobatika gimnastikası dünyada

Akrobatika bu və ya digər şəkildə minilliklərdir ki mövcuddur. O, Qədim Yunanıstan və Romada gimnastikanın təşkil olunmuş formada yaranmasından əvvəl də var idi. Eyni qaydada Çində Xan sülaləsinin hökmranlığı dövründə məhsul bayramının bir hissəsi olaraq akrobatika ənənəsi formalaşıb.

Avropada akrobatika orta əsrlərdə akrobatlar, tamblinqçilər və janqlyorların şəhərdən şəhərə səyahət edərək sirklərdə cəmiyyətin yüksək təbəqəsi üçün nümayiş etdirdiyi əyləncə növü idi.

20-ci əsrin əvvəllərində akrobatikada 2 istiqamət formalaşmışdı. Birinci istiqamətə sirk çıxışlarında istifadə olunan alət (trapesiya, iplər və s.) üzərində akrobatika, ikincisinə isə piramida qurma və mayallaq aşma aid idi. Əvvəllər bu istiqamətlər insanın fiziki bacarıqlarının nümayiş olunması üçün istifadə edilirdi. Sonradan isə akrobatika inkişaf edərək idman növünə çevrildi.

1973-cü ildə Beynəlxalq İdman Akrobatikası Federasiyası (IFSA) yaradılmışdır və növbəti il ilk Dünya Çempionatı keçirilmişdir. 1998-ci ildən etibarən akrobatika gimnastikası FIG-nin tərkibinə daxil olmuşdur. Sayca 16-cı olan, lakin FIG-nin rəhbərliyi ilə təşkil edilən ilk Dünya Çempionatı 1999-cu ildə Belçikanın Gent şəhərində baş tutmuşdur. Hazırda bu növ üzrə Dünya və Avropa Çempionatları bir-birini əvəz etməklə bir ildən bir keçirilir.

Azərbaycanda akrobatika gimnastikası

Azərbaycanda akrobatika gimnastikasının yaranma və inkişafı ötən əsrin 30-cu illərinə təsadüf edir. 1939-cu ildə Bakıda akrobatika üzrə rəsmi şəxsi Birincilik yarışları keçirilib. 1958-ci ildə kişilərin qoşa hərəkətlərində Bəhram və Elşad Nərimanov qardaşları Moskva şəhərində keçirilən Ümumittifaq Həmkarlar İttifaqının 6-cı yay Spartakiadası və SSRİ Çempionatında 3-cü yerə layiq görülmüşlər.

1993-cü ildə Moskva şəhərində keçirilən gənclər arasında Dünya Çempionatında uğurla çıxış edən akrobatlarımız Elşən Seyfullayev, Elxan Şahbazzadə, Valeriy və Aleksandr Lıçkin qardaşları kişilərin qrup hərəkətlərində mütləq çempion oldular.

2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə Azərbaycanda gimnastika növlərinin dirçəliş dövrü başlandı.

2009-cu ilin Ümumdünya Oyunları çərçivəsində akrobatika gimnastikası üzrə yarışlarda Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü qarışıq hərəkətlər üzrə finalda gümüş medal qazandı. Elə həmin il qadın cütlüyümüz temp hərəkətlərinə görə Avropa çempionu adına layiq görüldülər. Onlar Avropa Çempionatının 1 medal dəstini balans hərəkətlərinə görə gümüş və çoxnövçülük finalında bürünc medal əldə etməklə tamamladılar.

2019-cu ildə Minskdə (Belarus) keçirilmiş 2-ci Avropa Oyunlarında yığma komandanın Baş məşqçisi İradə Qurbanovanın rəhbərliyi altında akrobatika gimnastikası üzrə milli komandanın gimnastları, qarışıq cütlük tərkibində çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi temp və qarışıq hərəkətlərdə gümüş, balans hərəkətlərində isə bürünc medal qazanmışlar.

Qarışıq cütlüyümüz həmin ilin sonlarında İsrailin Holon şəhərində təşkil olunmuş akrobatika gimnastikası üzrə Avropa Çempionatında isə 2 bürünc medal (balans və temp hərəkətləri) əldə etmişdir.

Böyük gimnastlarımız müxtəlif vaxtlarda keçirilmiş dünya kubokları və digər beynəlxalq yarışlar zamanı da öz çıxışları ilə fərqlənərək mükafatçılar sırasına daxil olmuşlar.

Gənc və daha kiçik yaş qruplarına aid akrobatlarımız da dəfələrlə beynəlxalq arenada fərqlənmişlər:

2015 / Avropa Yaş Qrupları Yarışları / Riza, Almaniya
2-ci yer / kişi cütlüyü (Seymur Cəfərov, Murad Əkpərov) / qarışıq hərəkətlər
3-cü yer / qarışıq cütlük (Ağasif Rəhimov, Nurcan Cabbarlı) / qarışıq hərəkətlər

2016 / Dünya Yaş Qrupları Yarışları / Putian, Çin
2-ci yer / kişi cütlüyü (Seymur Cəfərov, Murad Əkpərov) / qarışıq hərəkətlər
2-ci yer / qarışıq cütlük (Ağasif Rəhimov, Nurcan Cabbarlı) / qarışıq hərəkətlər

2017 / Avropa Çempionatı / Jeşuv, Polşa
3-cü yer / qarışıq cütlük (Ağasif Rəhimov, Nurcan Cabbarlı) / çöxnövçülük və balans hərəkətləri
3-cü yer / qarışıq cütlük (Abdulla Əl-Məşayxi, Ruhidil Qurbanlı) / temp hərəkətləri

2019 / Avropa Çempionatı / Holon / Israil
1-ci yer / kişi cütlüyü (Murad Rəfiyev, Daniel Abbasov) / temp hərəkətləri
2-ci yer / kişi cütlüyü (Murad Rəfiyev, Daniel Abbasov) / çoxnövçülük
3-cü yer / kişi cütlüyü (Murad Rəfiyev, Daniel Abbasov) / balans hərəkətləri

2014-cü ildə ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident, AGF-nin prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Milli Gimnastika Arenasının (MGA) açılış mərasimi baş tutdu. Hal-hazırda bu idman qurğusunda akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının məşq etməsi üçün bütün lazımi şərait vardır. 2015-ci ildə Bakı tamaşaçısı məhz elə bu zalda Avropanın akrobatika gimnastikası üzrə məşhur ulduzlarının ecazkar çıxışlarını ilk dəfə 1-ci Avropa Oyunları zamanı izlədi. Qeyri-olimpiya növü olan akrobatika gimnastikasının Avropa Oyunlarının proqramına daxil edilməsi qitənin akrobatika ailəsi üçün böyük əhəmiyyət kəsb edirdi. Həmin yarışda ölkəmizi qarışıq cütlük və qadın qrupu proqramlarında təmsil edən gimnastlar Oyunların final mərhələsində iştirak etmişlər.

Gimnastların beynəlxalq arenadakı uğurları ilə yanaşı, Bakıda 1-ci Avropa Oyunları çərçivəsində keçirilmiş akrobatika gimnastikası üzrə yarışlar, 2018-ci ildə ilk dəfə burada təşkil edilmiş Dünya Kuboku akrobatika gimnastikasının ölkəmizdə daha da məşhurlaşmasına xidmət etmişdir.

AGF-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkədə bu növ üzrə mütəxəssislərin yetişdirilməsi və onların mütəmadi olaraq peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə Federasiya tərəfindən vaxtaşırı milli məşqçilik və hakimlik kursları da təşkil olunur.

Azərbaycanlı hakimlər Avropa Çempionatları, Avropa Oyunları, eləcə də digər irimiqyaslı yarışların hakimləri sırasına daxil olur, o cümlədən çıxışların qiymətləndirilməsi üçün müvafiq təşkilatlar tərəfindən neytral hakim qismində dəvət olunurlar.

Akrobatika gimnastikası üzrə qadın cütlüyü tərkibində 2009-cu ilin Avropa çempionatının qalibi Ayla Əhmədova 2013-cü ildə FIG-nin Atletlər Komissiyasına 2013-2016-cı illər Olimpiya dövrü üçün akrobatların nümayəndəsi seçilmişdir.

Son dövrlərdə Bakı ilə yanaşı bölgələrimizdə də gimnastikanın bir çox növləri üzrə bölmələr açılır. Hal-hazırda Sumqayıt və Şabran şəhərlərində akrobatika gimnastikası üzrə bölmələr fəaliyyət göstərir.

Akrobatika gimnastikasında qazanılan uğurlar yetişən gənc gimnastların məşqlərinə daha da həvəslə yanaşmaları və ümumilikdə bu gimnastika növünün inkişafında böyük rol oynayır.

Maraqlı faktlar

  • Qədim Yunan şairi Homerin İliada və Odisseya epik poemalarında akrobatikaya istinadlar edilir.

  • Gimnastlar iştirak etdikləri yarışlarda yalnız 1 qrup və cütlük daxilində çıxış edə bilərlər.

  • Akrobatların çıxışlar üçün istifadə etdikləri xalça, kişi və qadın idman gimnastlarının (sərbəst hərəkətlərdə) xalçası ilə eynidir.

  • 1993-cü ildən etibarən akrobatika gimnastikası Olimpiya Oyunlarının proqramına daxil olmayan idman növlərini özündə birləşdirən Ümumdünya Oyunlarının bir hissəsidir.