İdman

gimnastikadan

başlayır

Gimnastika hamı üçün

Gimnastika yüksək səviyyəli yarışların keçirildiyi idman növü olmaqla yanaşı, bütün idman növlərinin əsasını təşkil edir. “Gimnastika hamı üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. Əslində gimnastika hamı üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümüdür.

Bu idman növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid 2 növ tədbir mövcuddur: dörd ildən bir keçirilən Ümumdünya Gimnastradası və “World Gym for Life Challenge” yarışları.

Ümumdünya Gimnastradası yalnız nümunəvi çıxışlardan ibarət olur və festival ab-havasında keçir. Burada gənc və yaşlı, gimnastikada ilk addımlarını atan və ya peşəkar gimnastlar iştirak edə bilərlər. Yeganə tələb iştirakçıların ən azı 10 nəfərdən ibarət qrupa daxil olmasıdır. Həftə ərzində çıxışları ilə fərqlənən qruplar bağlanış mərasimindən öncə keçirilən Qalada çıxış edirlər.

Ümumdünya Gimnastradasından fərqli olaraq “World Gym for Life Challenge” yarışlarında çıxışlar yaradıcılıq qabiliyyəti və orijinallıq meyarlarına əsasən qiymətləndirilir. Lakin buna baxmayaraq, burada yarış gərginliyindən daha çox iştirak edən qruplar arasında dostluq münasibətləri hökm sürür. Onlar birgə iştirak etdikləri seminarlar zamanı çıxışlarının necə təkmilləşdirilməsi haqda bir-birinə məsləhətlər verirlər. Qrupda ən azı iki gimnast olması tələbindən başqa, gimnastların sayına məhdudiyyət qoyulmur. İştirakçılar kiçik (20 və ya daha az gimnast) və böyük (21 və daha çox gimnast) gimnastika və rəqs qrupları, o cümlədən iri alətlər üzərində gimnastika hərəkətlərini nümayiş etdirən kiçik və böyük qruplar daxilində çıxış edirlər. 5 dəqiqəyə qədər davam edən çıxışlar 20x30 m olan xalça üzərində icra olunur. Mini-batut, paralel qollar, halqa və ya lentlər kimi alətlərdən seçimdən asılı olaraq istifadə oluna bilər. Hərəkətlərin musiqi müşayiəti ilə nümayiş olunmasına daha çox üstünlük verilir.

Avropa Gimnastikasında “EUROGYM”, “European Gym for Life Challenge” və Qızıl Yaş Gimnastika Festivalı “Gimnastika hamı üçün” növünə aiddir. İki ildən bir keçirilən “EUROGYM”-in əsas məqsədi Avropa gənclərini qeyri-yarış tədbirində birləşdirməkdən ibarətdir. Qrup çıxışlarının təkmilləşdirilməsində böyük rolu olan “European Gym for Life Challenge” tədbirində çıxışlar icra, artistizm, texnika və xoreoqrafiya sahələrində təcrübələri olan 4 ekspert tərəfindən dəyərləndirilir. Qızıl Yaş Gimnastika Festivalı 50 və daha yuxarı yaşlı şəxsləri bir araya gətirərək gündəlik həyatda hərəkət etmənin nə qədər vacib olduğunu önə çəkir.

“Gimnastika hamı üçün” dünyada

4000 il əvvəl Çində sağlamlıq və ömrün uzun olması üçün insanlar gimnastika hərəkətlərindən istifadə etmişlər. Fiziki görünüşün mükəmməlləşməsinə böyük diqqətin göstərildiyi qədim Yunanıstanda gimnastikanın xüsusi yeri var idi. Qədim Romada əsgərlərin bir mexanizm kimi daim formada olmaları üçün gimnastika hərəkətlərindən istifadə olunub.

Alman pedaqoqu və yazıçısı Fridrix Ludviq Yanın səyləri nəticəsində 1811-ci ildə gimnastika alətləri ilə təchiz edilmiş gimnastika meydançası istifadəyə verilmişdir. “Gimnastika hamı üçün” növünün inkişafında İsveç sistemi böyük rol oynamışdır. Bu sistemin üstünlüyü elmi əsaslara söykənməsindən irəli gəlir. 1813-cü ildə Per Henrik Linqin gördüyü işlər nəticəsində gimnastika institutu yaradılmışdır.

1881-ci ildə FIG-nin əsasını qoymuş Belçikadan olan Nikolas Kuperus gimnastikanın insan bədəni və ruhu üçün çox vacib olduğunu hesab etmiş və qeyri-yarış növü kimi gimnastikanın böyük insan kütləsi üçün olması ideyasını irəli sürmüşdür. Onun həmkarlarından yalnız bir neçəsi bu ideyanı dəstəklədi və illər ötdükcə yarışların keçirilməsi FIG-nin fəaliyyətinə daxil oldu. Buna baxmayaraq, Kuperusun gimnastikanın böyük insan kütləsi üçün olması fikri gündəmdən düşmədi. O, öz sevimli idman brendini inkişaf etdirməyə davam edirdi.

Bu gün, “Gimnastika hamı üçün” hərəkatı fiziki fəallıq və hərəkət dünyası vasitəsilə sağlam həyat tərzi və dostluğun yayılmasına səbəb olaraq müxtəlif millətləri bir araya gətirir. Gündəlik gimnastika hərəkətlərini icra etməklə hər bir kəs bu hərəkatın bir hissəsinə çevrilə bilər.

“Gimnastika hamı üçün” Azərbaycanda

2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə Azərbaycanda gimnastika növlərinin dirçəliş dövrü başlandı.

İllər ötdükcə ölkəmizdə gimnastikanın yarış növlərinin inkişafı elə bir mərhələyə çatdı ki, “Gimnastika hamı üçün” növünün yaranmasına zəmin yarandı.

Bakıda keçirilən irimiqyaslı beynəlxalq yarışlar çərçivəsində təşkil olunan Qala-konsertlərə və açılış mərasimlərinə tamaşaçılar tərəfindən böyük maraq göstərilirdi. Buradakı qeyri-yarış ab-havası zala toplaşmış hər bir şəxsə böyük sevinc bəxş edir və gimnastika elementlərinin musiqi parçaları ilə ahəngi hamının zövqünü oxşayırdı.

Ölkəmizdə “Gimnastika hamı üçün”-ə aid ilk milli tədbir 2010-cu ildə Yeni İl ərəfəsində təşkil olunmuş nağıl-tamaşa hesab olunur. Həmin ildən etibarən ənənəvi olaraq hər ilin sonunda FIG tərəfindən tanınan gimnastikanın 6 yarış növləri üzrə Azərbaycan yığma komandalarının gimnastları, məşqçiləri, xoreoqrafları “Gimnastika hamı üçün” adı altında birləşərək uşaqlardan tutmuş böyüklərə kimi bütün tamaşaçılara inanılmaz sevinc bəxş edirlər.

2014-cü ildən bu günə kimi Bakıda keçirilən mötəbər beynəlxalq yarışların açılış mərasimlərində ölkəmizin “Gimnastika hamı üçün” təmsilçiləri müəyyən mövzu ətrafında rəngarəng, zövqlü və əsrarəngiz çıxışları ilə iştirakçıları heyran edir.

Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilmiş 15-ci Ümumdünya Gimnastradasına qatılması ilə ölkəmizdə rəsmi olaraq qeyri-yarış növü olan “Gimnastika hamı üçün”ün əsası qoyuldu.

Azərbaycanın Milli Komandası “World Gym for Life Challenge” tədbirinə ilk dəfə 2017-ci ildə (Vestfold, Norveç) qatıldı. 47 kiçik qrup arasında çıxış edən komandamız qızıl medal qazanan 6 qrupun siyahısına daxil oldu və möhtəşəm Qalada iştirak etmək hüququ qazandı.

2018-ci ildə Belçikanın Lej şəhərində 1-ci “European Gym for Life Challenge” tədbiri təşkil olundu. Bütün iştirakçıların medal qazandığı bu tədbirdə qrupumuz qızıl medala layiq görülmüş və “Best Costume” nominasiyasında diplomla təltif olunmuşdur.

2017-ci ildə ilk dəfə gimnastika növləri üzrə milli yarışlar çərçivəsində AGF tərəfindən Qızıl Yaş adlı şou təşkil olundu. Gimnast karyeralarını illər öncə bitirmiş məşqçilər, gözəl çıxışlar nümayiş etdirərək, gimnastika ilə yaşından asılı olmayaraq hər bir kəsin məşğul ola biləcəyini əyani olaraq tamaşaçıların diqqətinə çatdırdı. 2018-ci ildə daha bir belə şou baş tutdu.

AGF hazırda Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş idman klubları və cəmiyyətləri ilə əməkdaşlıq edərək sağlam həyat tərzini tərənnüm edən “Gimnastika hamı üçün” növünün inkişaf etməsi və kütləviliyin artırılması istiqamətində bir sıra işlər görməkdədir.

Maraqlı faktlar

  • Təkcə Avropada 10,000,000 gimnast klub və milli federasiyaların fəal üzvü kimi “Gimnastika hamı üçün” növü ilə məşğul olur.

  • 2017-ci ildə Berlində keçirilmiş Almaniyanın Beynəlxalq Gimnastika Festivalına dünyanın müxtəlif ölkələrini təmsil edən 70000-ə yaxın iştirakçı qatılmışdır.

  • Avropada “Gimnastika hamı üçün” növünün məşhur olduğu ölkələrdən biri İsveçrədir. Burada altı ildən bir keçirilən İsvecrə Federal Gimnastika Festivalı əhali arasında böyük sevinclə qarşılanır. 2019-cu ildə keçirilən tədbirdə 2344 klubu təmsil edən 62000 gimnast iştirak etmişdir.

  • 2015-ci ildə Helsinkidə keçirilmiş Ümumdünya Gimnastradasına 53 ölkədən 20000-dən artıq iştirakçı qatılmışdır.

  • Ümumdünya Gimnastradasında rəngarəng açılış mərasimində Olimpiya Oyunlarına bənzər tərzdə hər bir nümayəndə heyəti milli bayraqla yürüşdə iştirak edir.

  • Ümumdünya Gimnastradasında iştirak edən bəzi Federasiyalar ölkələrinin mədəniyyətini tanıdan çıxışlara həsr olunmuş xüsusi tədbirlər keçirir.

  • “World Gym for Life Challenge” yarışlarında ilk sıralarda yer almış qruplar bağlanış Qala-konsertində çıxış etmək üçün dəvət olunur və burada reytinq siyahısında ən öndə olan qrup FIG-nin keçmiş Prezidenti Bruno Qrandinin adına xüsusi mükafatla təltif olunur.

  • “World Gym for Life Challenge” yarışlarında çıxışları qiymətləndirən şəxslər hakim deyil, “evaluator” (hərfi tərcümədə qiymətləndirən şəxslər) adlanır.