İdman

gimnastikadan

başlayır

Qadın idman gimnastikası

Qadın idman gimnastikası 4 alət üzərində (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlər) çıxışların nümayiş olunduğu bir idman növüdür.

Gimnastlar irimiqyaslı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında fərdi çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallar və komanda hesabında qüvvələrini sınayırlar.

Qadın idman gimnastları güc, ustalıq, artistizm, elastiklik tələb edən tarazlıq, mayallaq aşma, fırlanma və salto elementlərini xüsusi zərifliklə mükəmməl icra edirlər. Sərbəst hərəkətlərin musiqi müşayiəti ilə icra olunması çıxışları daha da baxımlı edir.

Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir.

Qadın idman gimnastikasının gözəlliyi zəriflik, cəsarət və gücün tam harmoniyasını əks etdirməsindədir.

Qadın idman gimnastikası dünyada

Qadın idman gimnastikasının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Qədim zamanların Olimpiya Oyunlarında qadınlar iştirak etməsələr də, qədim Yunanıstanda onlar gimnastika ilə məşğul olurdular. Roma imperiyası dövründə gimnastika hərəkətləri daha çox ordunun gücləndirilməsi üçün istifadə olunduğundan, idmanla məşğul olmağa daha çox cəmiyyətin yüksək təbəqəsinə aid qadınlar meyl göstərirmişlər.

Sənaye inqilabı və cəmiyyətdə baş verən müvafiq dəyişikliklərdən sonra, qadınların işçi qüvvəsinə axını müşahidə olunduğu bir zamanda, cəmiyyətin bütün təbəqələrinə aid qadınlar idmana maraq göstərməyə başladılar. O zaman qadınların diqqətini daha çox İsveç gimnastikası adlanan və musiqi ilə qrup şəklində icra edilən gimnastika məşğələləri çəkirdi.

Fridrix Ludviq Yan (1778-1852) müasir gimnastikanın banisi hesab olunur. Alman pedaqoqu ilk dəfə qruplara bölüşdürülən hərəkətlərə dair qaydaların əsasını qoymuşdur.

İlk dəfə qadınların qatıldığı 1928-ci ildə Amsterdamda (Niderland) keçirilən Olimpiya Oyunlarında yalnız komanda hesabında yarış baş tutdu. Çoxnövçülük və komanda hesabında yarışlarla yanaşı, 4 alət üzərində müasir yarışlar formatı ilk dəfə olaraq 1952-ci ildə Helsinkidə (Finlandiya) təşkil olunan Olimpiya Oyunlarında meydana gəldi.

Qadın idman gimnastikası üzrə ilk Dünya Çempionatı 1934-cü ildə Budapeştdə (Macarıstan) keçirilmişdir. Müasir dövrdə isə Dünya çempionatları Olimpiada keçirildiyi il istisna olmaqla hər il təşkil edilir.

Qadın idman gimnastikası Azərbaycanda

Azərbaycanda qadın idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlamışdır. 1941-ci ildə SSRİ-nin idman ustası olmuş Züleyxa Hacıyeva, 1968-ci ildə “Dinamo” idman cəmiyyətinin mərkəzi şurası komandasının tərkibində SSRİ Çempionatında komanda birinciliyində çempion adına layiq görülmüş Natalya Abdinova, beynəlxalq yarışlarda iştirak etmiş Yelena Qurina, Minə Əsgərova, Larisa Mehdiyevanın idmançı karyeraları bu idman növünün ölkədə formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Təəssüflər olsun ki, SSRİ dağıldıqdan sonra, qadın idman gimnastikası ölkəmizdə artıq mövcud olmamışdır.

Qadın idman gimnastikasının 2013-cü ilin sonlarından etibarən ölkəmizdə inkişaf etdirilməsinə, 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil olması təkan vermişdir.

Bütün yeni inkişafa qədəm qoymuş gimnastika növlərində olduğu kimi, ilkin mərhələdə xarici idmançı və mütəxəssislər yığma komandaya cəlb olundu.

2014-cü ildə Azərbaycan yığma komandasının Avropa çempionatındakı (Sofiya, Bolqarıstan) debütü zamanı ölkəmizi təmsil edən Anna Pavlova dayaqlı tullanma hərəkətlərinin finalında gümüş medal qazandı.

2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində qadın idman gimnastikası üzrə yarışlarda gimnastlarımız ümumilikdə 6 medal qazandılar (2 qızıl medal – komanda hesabı (Yuliya İnşina, Marina Nekrasova, Yekaterina Tişkova), sərbəst hərəkətlər (Yuliya İnşina); 3 gümüş medal – dayaqlı tullanma (Marina Nekrasova), müxtəlif hündürlüklü qollar (Yekaterina Tişkova), gimnastika tiri (Marina Nekrasova); 1 bürünc medal – gimnastika tiri (Yuliya İnşina)).

2019-cu ildə Neapol (İtaliya) şəhərində keçirilmiş 30-cu Yay Universiadasında gimnast M.Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə qızıl medal qazanmışdır.

Bu növ üzrə təmsilçilərimiz həmçinin müxtəlif zamanlarda Dünya Kuboklarının da qalib və mükafatçıları sırasına daxil olmuşlar.

Ölkəmiz qadın idman gimnastikası tarixində ilk dəfə olaraq Tokio-2020 Olimpiya Oyunlarında bu növ yarışlarda təmsil olunacaq. Bu iştirakı gimnast Marina Nekrasova 2019-cu ildə Ştutqartda (Almaniya) keçirilmiş Dünya Çempionatında çoxnövçülük üzrə təsnifat mərhələsində yetərli xal toplayaraq təmin etmişdir.

Hazırda, bu idman növü üzrə Azərbaycan yığma komandasının üzvləri bütün lazımi avadanlıqlarla təchiz olunmuş Milli Gimnastika Arenasında (MGA) məşq edir. 2014-cü ildə ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə bu möhtəşəm idman qurğusunun açılış mərasimi baş tutdu. Məhz elə bu zalda 1-ci Avropa Oyunları çərçivəsində qadın idman gimnastikası üzrə yarışlar zamanı ulduz gimnastlar öz möhtəşəm çıxışlarını nümayiş etdirdilər.

Daha sonra 2016-cı ildə MGA-da Bakıda ilk dəfə FIG “Challenge” seriyasına aid “AGF Trophy” Dünya Kuboku təşkil olundu. Həmin dövrdən etibarən bu arenada ardıcıl olaraq daha 4 Dünya Kuboku (2017, 2018, 2019 və 2020) keçirilib ki, bunlardan da son ikisi (2019 və 2020) Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb.

Azərbaycan Gimnastika Federasiyasının əsas prioritetlərindən biri də bu növ üzrə peşəkar məşqçi və hakimlərin yetişdirilməsidir. Bu məqsədlə 2014-cü ildə Bakıda qadın idman gimnastikası üzrə FIG-nin beynəlxalq hakimlik kursları keçirilmişdir. Bununla yanaşı, yerli mütəxəssislərin peşakarlığının artırılması üçün federasiya tərəfindən vaxtaşırı milli məşqçilik və hakimlik kursları da təşkil edilir.

AGF ölkəmizdə qadın idman gimnastikasının inkişaf etməsi və kütləviliyin artırılması məqsədilə bu növ üzrə beynəlxalq yarışların keçirilməsi ilə yanaşı, bir sıra işlər də görməkdədir.

Alətlər

Qadın idman gimnastikasında hərəkətlər 4 alət üzərində icra olunur: dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər. Bir qayda olaraq hər bir məşhur idman gimnastının özünü tam sərbəst hiss etdiyi və bütün dünyada çıxışları ilə yadda qaldığı sevimli aləti və ya alətləri vardır.
Dayaqlı tullanma
Dayaqlı tullanma
Dayaqlı tullanma alətinin hündürlüyü 125 sm, uzunluğu (dayaq hissəsi) 1.20 m, eni 95 sm təşkil edir. Qaçış cığırının uzunluğu 25 m, eni isə 1 metrdir. Ən sürətli alət sayılan dayaqlı tullanmada hərəkət əlavə təkandan istifadə edilərək qaçışla həyata keçirilir. İdmançı çıxışı zamanı nə qədər çox fırlanma və vint elementləri icra edərsə, proqramı daha çətin hesab olunar və daha yüksək xal alar. Dayaqlı tullanmalar maksimal hündürlük və amplituda ilə nümayiş olunmalıdır.
Müxtəlif hündürlüklü qollar
Müxtəlif hündürlüklü qollar

Bu alətdə ən hündür qolun yerdən hündürlüyü 2.5 metr, alçaq qolun hündürlüyü isə 1.7 metrdir. Onların arasındakı məsafə 180 santimetrdir.

Əgər gimnast hündür boya malikdirsə, gimnastın xahişi ilə yuxarıdakı qolun hündürlüyü 10 sm də artırıla bilər. Müxtəlif hündürlüklü qollarda çıxışlar zamanı idmançıdan önə və arxaya edilən fırlanmalar, alətdən tutmaların yerinin dəyişdirilməsi və ən azı alətdən bir dəfə əlini çəkib yenidən tutma bacarığını nümayiş etdirmək tələb olunur. Çıxış adətən yaddaqalan enmə ilə yekunlaşmalıdır.

Gimnastika tiri
Gimnastika tiri
Alətin hündürlüyü yerdən 1.25 m, tirin eni 10 sm, uzunluğu isə 5 metrdir. Gimnastika tiri üzərində hərəkətlər rəqs addımları, tullanışlar, dönmələr, tarazlıq, aşma və saltolar daxil müxtəlif növ akrobatik elementlərdən ibarət olur. Gimnastlar zəriflik, elastiklik, ritm və dözümlülük sərgiləmək üçün alətin bütün uzunluğundan istifadə etməlidirlər. Alətdən enmə zamanı bir sıra akrobatik elementlərin icrası isə çıxışı kifayət qədər həyəcanverici edir.
Sərbəst hərəkətlər
Sərbəst hərəkətlər
Sərbəst hərəkətlər ölçüsü 12x12 m və əlavə 1 m “məhdudlaşdırıcı təhlükəsizlik xətti” ilə əhatə olunmuş xüsusi gimnastika xalçasında yerinə yetirilir. Musiqi müşayiəti ilə icra olunan sərbəst hərəkətlər rəqs ardıcıllığı və akrobatik elementləri özündə birləşdirməlidir. Gimnast çıxış zamanı yalnız müəyyən olunmuş hərəkətlərin icrası ilə kifayətlənməməli, eyni zamanda özünü ifadə etməlidir. Hakimlərdən yüksək xal almaq üçün çıxış özünəməxsusluq, orijinallıq, kamillik, ustalıq və artistizm ilə seçilməlidir.

Maraqlı faktlar

  • Rumıniya gimnastı Nadya Komaneçi Olimpiya Oyunlarında ən yüksək - 10 xal almış ilk idman gimnastıdır.

  • 2013-cü ildən etibarən Özbəkistanı təmsil edən Oksana Çusovitina 41 yaşında 7-ci dəfə, 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilmiş Olimpiya Oyunlarında iştirak edərək, qadın idman gimnastikasında dünya rekorduna imza atmışdır.

  • Sovet gimnastika məktəbinin yetirməsi olan Larisa Latınina 1956, 1960 və 1964-cü illərdə keçirilmiş 3 Olimpiya Oyunlarından 9-u qızıl olmaqla, ümumilikdə 18 medal əldə edib. Ən çox Olimpiya medalçısı rekordunu o, 2012-ci ilə qədər saxlayıb. Bu rekord ABŞ üzgüçüsü Maykl Felps tərəfindən yenilənib.

  • Bir neçə onillik ərzində qadın idman gimnastları kişi idman gimnastikasında istifadə olunan halqalardan fərqlənən, “Uçan halqalar” adlı yarışlarda mübarizə aparırmışlar.