İdman

gimnastikadan

başlayır

“İdmançıların çıxışlarını izləmək məndə xoş təəssüratlar yaratdı”

21 fevral 2023

“İdmançıların çıxışlarını izləmək məndə xoş təəssüratlar yaratdı”

Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası üzrə Dünya kubokunda iştirak edən fransalı gimnastlarla görüşüb.

Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.

- İlk dəfədir ki, Azərbaycan Gimnastika Federasiyasının dəvəti ilə Milli Gimnastika Arenasında keçirilən yarışları izləyirəm. Burada keçirilən Dünya kubokunda iştirak edən Fransa komandasının üzvlərinə azarkeşlik etdim. İdmançıların çıxışlarını izləmək məndə xoş təəssüratlar yaratdı. Mənimlə görüş zamanı Fransa komandasının üzvləri bildirdilər ki, yarışlar yüksək səviyyədə keçirilib və onlar burada yüksək qonaqpərvərliklə qarşılanıblar. Onlar çox yaxşı çıxış etdilər və bir çoxu finala vəsiqə qazandı. Mövsümün əvvəlidir. Qarşıda keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan yarışlara hazırlıq baxımından Dünya kubokunda iştirak onlar üçün çox vacibdir. Mənim də idmana böyük həvəsim var. Əvvəllər üzgüçülük, qaçış, yelkən idmanı və basketbolla həvəskar şəkildə məşğul olmuşam. Hazırda idman formamı saxlamaq üçün üzgüçülüyə gedir və qaçmağa üstünlük verirəm. Payız aylarında Bakıda keçiriləcək yarım marafonda iştirak etməyi planlaşdırıram.