İdman

gimnastikadan

başlayır

“İdmanı çox sevirəm”

11 mart 2023

“İdmanı çox sevirəm”

Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya kubokunda iştirak edən Britaniyadan olan gimnastlarla görüşüb.
Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.

- İlk dəfədir ki, gimnastika yarışlarını zala gələrək canlı izləyirəm. Çox həyəcanlıdır. Arenada yüksək səviyyəli şərait mövcuddur. Burada gənclər və idman naziri Fərid Qayıbovla görüşdüm, arena ilə ətraflı tanış olmaq imkanı əldə etdim. Bu, dünyada gördüyüm ən gözəl arenadır. İdmanı çox sevirəm. Bu yarış bitəndən sonra futbol oynamağa gedəcəyəm. Keçən həftə isə tennis oynamışam. Daha çox piyada gəzməyi və dağa dırmanmağı xoşlayıram. Burada həmçinin yerli idmançılarımızla görüşdüm. Onlar şəraiti çox yüksək qiymətləndirdilər. Yarışda iştirak edən bir gənc idmançımız artıq üçüncü dəfədir ki, mötəbər yarışa qatılır. Hakimlər sırasında da bir nəfər Böyük Britaniya təmsilçisi yer alıb. Azərbaycan idmançısı Nikita Simonovu qızıl medal qazanması münasibətilə təbrik edirəm. Son on beş ildə ölkənizdə gimnastika çox inkişaf edib. Olimpiya Oyunlarında Böyük Britaniya ilə yanaşı, azərbaycanlı idmançılara da azarkeşlik edəcəyəm.