İdman

gimnastikadan

başlayır

“1-ci Bakı Beynəlxalq "Challenge"-i uğurla yekunlaşdı”

18 iyun 2023

“1-ci Bakı Beynəlxalq

Gimnastika hamı üçün növü üzrə baş məşqçi, Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü Ruslan Eyvazov “1-ci Bakı Beynəlxalq "Challenge"-i ilə bağlı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə fikirlərini bölüşüb.
- Ölkəmizdə 1-ci Bakı Beynəlxalq "Challenge"-i uğurla yekunlaşdı. Bu tədbiri gələn il də keçirməyi planlaşdırırıq. Düşünürəm ki, gələn il iştirakçıların sayı daha da çox olacaq. "Challenge"-lə bağlı ölkəmizə səfər edən avropalı qonaqlar qeyd ediblər ki, Azərbaycanda ənənəvi olaraq idman tədbirləri ən yüksək səviyyədə keçirilir.
Tədbirdə 46 komandadan 20-si iyunun 18-də keçirilən qala-şouda çıxış etdi. Qala-şounun xüsusi qonağı Litvadan olan komanda oldu.
Biz “Challenge” çərçivəsində, həmçinin şəhərin mərkəzində müxtəlif məkanlarda zumba, milli rəqslər və breyk rəqsi üzrə ustad dərsləri keçirdik.
Gürcüstanın “Dio dance” komandasını debüt münasibəti ilə təbrik etmək istərdim. Bu, onların beynəlxalq festivalda ilk iştirakı idi. 88 yaşı olan ən yaşlı iştirakçının yer aldığı Litva komandası da yaddaqalan çıxış nümayiş etdirdi. Bu tədbirdə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak etdilər. Sosial xidmət müəssisəsinin sakinlərini məşq etdirən məşqçi Rəna Manafovaya təşəkkürümü bildirirəm. Uşaq evinin sakinləri də bu yarışda çox yaxşı çıxış etdilər. Onların məşqçisi Aygün Novruzovanın tərtib etdiyi proqrama akrobatika və rəqs elementləri daxil idi. Ümumilikdə paytaxtla yanaşı, regionlardan olan bütün komandalar tədbirə yaxşı hazırlaşmışdı və layiqincə çıxış etdilər. Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Gimnastika Federasiyasına, eləcə də Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin Prezidenti Hlif Thorgeirsdottirə tədbirin təşkilində göstərdikləri dəstəyə görə öz təşəkkürümü bildiririrəm.