İdman

gimnastikadan

başlayır

“Avropada bu idman növü çox sürətlə inkişaf edir”

16 iyun 2023

“Avropada bu idman növü çox sürətlə inkişaf edir”

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Hər kəsi salamlayıram. Mənim adım Hlif Thorgeirsdottirdir. Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin prezidentiyəm. Mən buraya İslandiyadan gəlmişəm.
- Maraqlıdır, son illər gimnastika hamı üçün növü Avropada necə inkişaf edir?
- Mən uzun illərdir ki, gimnastika hamı üçün növü üzrə fəaliyyət göstərirəm. İlk 20-30 il öz ölkəmdə, daha sonra isə, 15-16 ildir ki, Avropa Gimnastikasında bu sahədə çalışıram. Avropada bu idman növü çox sürətlə inkişaf edir. Getdikcə daha da populyarlaşır. Biz bu inkişafı keçirilən tədbirlərə əsasən deyə bilərik. Avropa Gimnastikası tərəfindən bu növ üzrə əsasən iki mötəbər tədbir keçirilir. Bu, “EuroGym” və “Qızıl Yaş” festivalıdır. Biz həmçinin “European Gym for Life Challenge” tədbirlərini təşkil edirik. Bu, iki ildən bir keçirilir. Tədbirlərdə eyni insanların, qrupların təkrar iştirakını və onların daha da inkişaf etdiyini görmək mümkündür. İnkişaf təkcə Avropada yox, hesab edirəm ki, dünyada da yüksək səviyyədə gedir. İştirakçıların say çoxluğunu görə bilirik. Bu müsabiqələrdə hər kəsin iştirak edə bilməsi isə həqiqətən çox gözəldir. Çünki insan həm ruhən, həm də fiziki cəhətdən sağlam və gümrah qalır. Bir sözlə bu, məşğul olmaq üçün gözəl bir növdür.
- Necə düşünürsünüz, bu növün əsas özəlliyi nədədir?
- Gimnastika hamı üçün növünün digər növlərdən fərqi ondan ibarətdir ki, burada yarış keçirilmir. Əsas məqsəd bədənin formada qalması, insanın həm ruhən, həm də fiziki cəhətdən sağlam olması və əyləncəli vaxt keçirməsidir. Qapılarımız hər kəsin üzünə açıqdır. Bu idman növü ilə uşaqlar 1 və ya 2 yaşından məşğul ola bilərlər. Hətta yüzdən artıq yaşı olanlar belə bu idman növü ilə məşğul ola bilər. Gimnastika hamı üçün bütün gimnastika növlərinin təməlini təşkil edir. Beləliklə, gimnastika ilə məşğul olmağa başlayanlar əvvəlcə gimnastika hamı üçün ilə məşğul olub, daha sonra öz yolunu seçə bilər. Böyüdükdən sonra isə onlar, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası və ya digər idman növü ilə məşğul olmaq istəyirlərsə, ona müraciət edə bilərlər. Hər kəs gimnastika hamı üçün idman növündən başlaya bilər. Çünki, bu gimnastikanın təməlini təşkil edir.

- Sabah ölkəmizdə təşkil olunacaq gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-ini necə dəyərləndirirsiniz?
- Tədbirin təşkili ilə bağlı çox həyəcanlıyam. Çünki, gimnastika hamı üçün növü Bakıda qısa müddət ərzində inkişaf etməyə başlayıb. Təşkilat Komitəsi yaradıb bu növün inkişafı ilə bağlı işlərə başlanılıb. Mən sizin sürətlə inkişaf etdiyinizi görürəm. Ofisdə və komitələrdə bu sahədə çalışqan insanlar fəaliyyət göstərir. Onlar öz işlərini fədakarlıqla və  həmçinin yüksək səviyyədə yerinə yetirirlər. Fikrimcə, Challenge maraqlı keçəcək. Hər birinizə yalnız uğurlar arzu edirəm.