İdman

gimnastikadan

başlayır

“Azərbaycan gimnastikası və gimnastlarınız daim inkişafdadırlar”

04 noyabr 2023

“Azərbaycan gimnastikası və gimnastlarınız daim inkişafdadırlar”

Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüz barədə məlumat verərdiniz.
Hər kəsi salamlayıram. Mənim adım Oksana Vişnyakovadır. Mən Lüksemburq Gimnastika Federasiyasının idarə heyətinin üzvü, Lüksemburq Gimnastika Məktəbinin rəhbəriyəm. Buraya  iki gimnastla gəlmişəm. Onlar milli komandamızın üzvləridirlər. Onlardan biri, böyükyaşlı gimnast Yelena Meysembourqdur. Digəri isə gənc gimnast Lola Dideriçdir. Onlar burada yaradılan hərtərəfli şəratdən yararlanaraq məşq edirlər.
Necə oldu ki, məhz məşq etmək üçün Azərbaycanı, Milli Gimnastika Arenasını seçdiniz?
Hər kəsə məlumdur ki, burada  yüksək səviyyəli  infrastruktur mövcuddur. 10 ildir ki sizdə bu cür şərait var. Yaradılan bütün bu imkanlardan yerli idmançılarla yanaşı, buraya gələn əcnəbi gimnastlar da yararlana bilirlər. Bizə burada təcrübə keçmək və məşq etmək imkanı yaradan AGF rəhbərliyinə və Mariana Vasilevaya öz təşəkkürümü bildirmək istəyirəm.
Lüksemburqda gimnastika necə inkişaf edir?
Lüksemburqda bədii gimnastika inkişaf etdirilir.  Lakin bu növ hələ ki, yenidir. Biz təkmilləşmə mərhələsindəyik. Təbii ki, burada xalçanı, podiumu, zalın hündürlüyünü, qaldığımız yeri bəyənirəm. Bizdə bütün bunlar yoxdur. Ümid edirəm ki, gələcəkdə biz də bu cür inkişaf edə bilərik.
Gimnastlarınız barədə bir qədər məlumat verərdiniz
Lüksemburqda 6 kiçik gimnastdan ibarət milli  komandamız var. Onlar qrup məşqlərində məşq edirlər. Əlbəttə ki, bu məşqlər yetərli deyil.  Hələ lazımi şərait olmadığından milli komandamızda kifayət qədər  məşqçi yoxdur. Gimnastlarımız klublarda yetişirlər. Onların  gələcək nəsilləri əvəz edəcəklərinə inanıram. Komandamızın üzvü Yelena Bakıda anadan olub. Anası əslən azərbaycanlıdır. Hazırda Lüksemburqda yaşayır. O, burada iki dəfə Avropa çempionatında olub və bu il Bakıda böyüklər arasında çıxış edib. Demək olar ki o, artıq Bakını ailəsinə görə yaxşı tanıyır.
Digər kiçik gimnastımızın yetişməsi üçün də çalışıram. Lola adlı gimnastımız Kluj-Napokada keçirilən gənclər arasında dünya çempionatında iştirak edib. O, milli komandamızın ən kiçik üzvüdür. Burada yaradılan fürsətdən və iş imkanlarından istifadə etdiyimiz üçün çox şadıq.
Ölkəmizlə bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.
İki dəfə Bakıya hakim kimi səfər etmişəm. Mən həm də beynəlxalq hakim kimi Lüksemburq Gimnastika Federasiyasını təmsil edirəm. Bakıya adətən, hakim kimi gəlirəm. Amma hazırda məşqçi kimi buradayam. Budəfəki səfərim çox möhtəşəm oldu. Qısamüddətli səfərim zamanı mənə göstərilən doğma münasibətə görə hər kəsə  minnətdarlığımı bildirirəm. Burada mənə və gimnastlarımıza  diqqət və qayğı ilə yanaşılır. Burada mən sürprizlə qarşılaşdım. Lənkəranda yerləşən ecazkar çay plantasiyasına səfər etdim. Günəşli gündə gözəl vaxt keçirdik. Çay içdik, çay hazırlanmasının üsulları və tarixi ilə tanış  oldum. Bu, həqiqətən əla idi. Təbii ki, şəhərin gecə görüntüsü, dəniz kənarının işıqlandırmasının gözəl mənzərəsi var idi. Ümid edirəm, mütəmadi olaraq ölkənizə gələcəyəm.
Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
Azərbaycan gimnastikası və gimnastlarınız daim inkişafdadırlar. Onların çıxışlarına, işin keyfiyyətinə baxarkən böyük irəliləyişi görmək mümkündür. Mən bunu bir hakim kimi deyə bilərəm. Yarış zamanı onların nizam-intizamı, hərəkətləri, gözəl görünüşləri barədə də bunu demək mümkündür. Hesab edirəm ki, federasiyanız tərəfindən ölkə gimanstikasının inkişafı üçün çox səy göstərilir. Bu, idmandır. Mən sizə uğurlar və gələcəkdə çoxlu medallar arzulayıram.