21 aprel 2023
Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyo Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokunda iştirak edən Kuba nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- Milli Gimnastika Arenası məndə böyük təəssürat yaratdı. Burada mötəbər idman yarışlarının keçirilməsi üçün hər cür şərait mövcuddur. Deyərdim ki, Azərbaycan Olimpiya Oyunları səviyyəsində yarışlar təşkil edir. Burada Qretel Mendoza adlı bir gimnastımız qüvvəsini sınayır. O, gənc idmançıdır. Bu yarışlara çox hazırlaşıb. Bilirik ki, digər gimnastların səviyyəsi çox yüksəkdir. Kuba üçün bədii gimnastika üzrə Dünya Kuboku kimi mühüm beynəlxalq idman tədbirində iştirak etmək vacibdir. İdmana böyük marağım var. Vaxtilə cüdo və üzgüçülüklə məşğul olmuşam. Düşünürəm ki, hər kəs öz sağlamlığı üçün mütləq idmanla məşğul olmalıdır.