İdman

gimnastikadan

başlayır

“Azərbaycanın yüksək təşkilatçılıq bacarığı bütün dünyaya məlumdur”

20 iyun 2023

“Azərbaycanın yüksək təşkilatçılıq bacarığı bütün dünyaya məlumdur”

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Kiaran Qalagerdir. Mən Avropa Gimnastikasının İcra Komitəsinin üzvü və İrlandiya Gimnastika Federasiyasının icraçı direktoru vəzifəsində çalışıram. İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olmuşam.
- Bildiyimizə görə, buraya bundan əvvəl də bir neçə dəfə səfər etmisiniz.
- Buraya əvvəllər təxminən iki-üç dəfə səfər etmişəm. Azərbaycan gimnastika sahəsində zəngin ənənələrə malikdir. İndiyədək bir sıra gimnastika yarışlarına uğurla ev sahibliyi etmisiniz. Milli Gimnastika Arenasında olmuşam. Burada keçirilən Dünya kuboklarında, konqresdə iştirak etmişəm. İlk dəfədir ki, gimnastika hamı üçün növü üzrə “challenge”-ə baxmağa gəlmişəm. Deyərdim ki, bu tədbir mənə çox xoş təsir bağışladı.
- “Challenge”-in təşkili ilə bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Hesab edirəm ki, bu tədbir möhtəşəmdir. Gimnastika hamı üçün növü bütün gimnastika növlərinin təməlini təşkil edir. Bir çox insan burada iştirak edir. Tədbirin təşkili yüksək səviyyədədir. Burada çoxlu sayda gənc gimnast iştirak edir. - Tədbirin yüksək səviyyədə təşkili üçün böyük əmək sərf edilib.
- Təcrübəli mütəxəssis kimi Azərbaycanda gimnastikanın inkişafını necə dəyərləndirirsiniz?  
- Düşünürəm ki, Azərbaycan güclü komandanın qurulması üçün böyük işlər görüb. Beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edirsiniz. Siz həmçinin komandalar və klublar üçün yerli yarışlar keçirirsiniz. Azərbaycanın yüksək təşkilatçılıq bacarığı bütün dünyaya məlumdur.
- İrlandiyada daha çox hansı gimnastika növləri populyardır?
- Gimnastikanın hər bir növünə diqqət yetirilir. 80 faiz idmançımız deyərdim ki, kişi və qadın idman gimnastikası, eyni zamanda, batut gimnastikası və tamblinq, bədii gimnastika, akrobatika gimnastikası üzrə yarışlarda iştirak edir. Demək olar ki, hər biri inkişaf etdirilir. Biz parkur (sərbəst üsul), eləcə də gimnastika hamı üçün növlərini iştirak etdiririk. Bu növlər üzrə müsabiqələri müxtəlif tədbirlərin daxilində keçiririk.  
- Qeyd etdiniz ki, Milli Gimnastika Arenasında olmusunuz. Arena ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Düşünürəm ki, siz gimnastika sahəsində möhtəşəm infrastruktura maliksiniz. Dünyanın ən yaxşıları sırasında yer alırsız. Bu yaxınlarda, təxminən 3 həftə əvvəl burada keçirilən Avropa Gimnastikasının iclasında iştirak etdim. Həmin vaxt Arena ilə tanış olmaq imkanı əldə etdim. İlk dəfə idi ki, bu qurğuda olurdum və heyrətamiz hisslər yaşadım. Sizin uğur qazanmaq üçün əla imkanlarınız, güclü federasiyanız, peşəkar insanlarınız və uğurlu proqramınız mövcuddur.
- Gənc gimnastlara nə arzulayırsınız?
- Onlara sadəcə idmandan zövq almağı arzulayıram. Düşünürəm ki, bu,ən vacib amildir. İdmandan zövq alın! Əgər yarışlarda iştirak edib rəqabət aparmaq arzusundasınızsa, o zaman daha çox məşq etməli və öz üzərinizdə işləməlisiniz.