İdman

gimnastikadan

başlayır

“Biz bir komanda olaraq bütün çətinliklərin öhdəsindən gəldik və uğur qazandıq”

11 iyul 2023

“Biz bir komanda olaraq bütün çətinliklərin öhdəsindən gəldik və uğur qazandıq”

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında 3 bürünc medal qazanan Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri iyulun 10-da vətənə dönüb. İdmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məşqçilər, gimnastlar, idmançılarımızın ailə üzvləri, yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb. Qarşılanma mərasimində komandamızın üzvü Mədinə Aslanova yarış təəssüratlarını bizimlə bölüşüb.  “Dünya çempionatında yaxşı çıxış etdik. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı nəticələr göstərəcəyik. Təbii ki, yarışlarda iştirak etmək, dünya çempionatında mübarizə aparmaq asan deyil. Biz də yarışdan əvvəl həyəcanlı idik. Amma biz bir komanda olaraq bütün çətinliklərin öhdəsindən gəldik və uğur qazandıq. Çempionata hazırlığımız yüksək səviyyədə aparılmışdı. Yarışdan əvvəl Macarıstanda keçirilən təlim-məşq toplanışında çıxış proqramımız üzərində çox çalışdıq. Məşqçilərimizə, xoreoqraflarımıza, bizi dəstəkləyən hər kəsə, xüsusilə yarışboyu yanımızda olan Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasilevaya təşəkkür edirik”, - deyə komandanın üzvü Mədinə Aslanova bildirib.