25 mart 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Sierra Leone Gimnastika Federasiyasının prezidenti Anna Vilyamsla müsahibəni təqdim edir.
- Anna xanım, Azərbaycana xoş gəlmisiniz. Bildiyimizə görə, bu, sizin Bakıya ilk səfərinizdir. Ölkəmiz barədə təəssüratlarınızı bilmək maraqlıdır.
- Bəli. Bu, mənim Azərbaycana, Bakıya ilk səfərimdir. İlk növbədə, Azərbaycan məndə xoş təəssüratlar yaratdı. Ölkə, burada gördüyüm hər şey unikaldır. Azərbaycan Gimnastika Federasiyasında (AGF) Beynəlxalq Gimnastika Federasiyasında (FIG) mövcud olan bütün idman növləri inkişaf etdirilir. Federasiyanın uğurlu fəaliyyəti mövcuddur. Hətta federasiya pandemiya dövründə də, digər ölkələrin edə bilmədiyini həyata keçirərək bir sıra yarışlara ev sahibliyi etdi. Bir sözlə, bu işlər alqışalayiqdir.
- Necə oldu ki, təlim-məşq prosesi keçmək üçün məhz Azərbaycanı seçdiniz?
- Biz ölkəmizdə gimnastikanı çox inkişaf etdirmək istəyirdik. Elə oldu ki, dostumuz, Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva ilə İtaliyada görüşdük. Bu barədə müzakirələrimiz oldu və onlar bildirdilər ki, bizim federasiyanın inkişaf etməsinə köməklik göstərə bilərlər. Buna görə də, bu gün biz buradayıq. Onlar söz verdilər və yerinə yetirdilər.
- Buraya hansı heyətlə gəlmisiniz?
- İdmançılarımız burada üç növ üzrə məşqlərə cəlb olunublar. Bunlar batut, idman və bədii gimnastikadır. İki idmançımız bədii gimnastika, iki idmançımız idman gimnastikası, üç idmançımız isə batut gimnastikası üzrə məşqlərdə iştirak edir. Təlim-məşqlərdə iştirak edən məşqçilərimiz də buradakı təcrübədən yararlanırlar. Onlar gələcəkdə ölkəmizdə gimnastlara necə məşq keçməyi öyrədəcəklər.
- Azərbaycan gimnastları barədə fikirlərinizi bilmək istərdik
Fikirlərim möhtəşəmdir. Onlar çox böyük səylə məşq edirlər. Mən bura gələndə onların gecəyə kimi məşq etdiklərini müşahidə etdim. Bu, çox təsiredicidir. Bilirsiniz, onlar səhər saatlarında məşq edirlər, daha sonra bir az dincəlir, təxminən 1-2 saat, sonra yenidən məşqlərə davam edirlər. Onlar öz üzərlərində çox çalışırlar. Bu, həqiqətən bizim üçün, ölkəmiz üçün çox xoşdur. Biz burada böyük təcrübə əldə etdik. Ölkəmizə qayıdanda bunu mütləq tətbiq edəcəyik.
- Ölkənizdə əsasən hansı proqram üzrə məşq etməyi düşünürsünüz?
- Qeyd etdiyim kimi, federasiyamız yenidir. Biz uğurlu olmaq üçün əlimizdən gələni edirik. Ona görə də bu gün biz buradayıq, təlim-məşq toplanışlarında iştirak edirik. Gələcəkdə biz də çempionatlara qatıla bilərik.
- Bakıda Akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatını izləyənlər arasında idiniz. Yarışlar barədə təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Yarışlar möhtəşəm keçdi. Buraya gələn bütün ölkələrin, federasiyaların iştirakçıların bacarıqlarını, hərəkətləri necə yerinə yetirdiklərini, çətinliklərini gördük. Biz çox şey öyrəndik. Biz ölkəmizə qayıdanda yarışlarda iştirak etmək məqsədilə nə üzərində işləməli olduğumuzu, xüsusilə akrobatika növündə nələrə diqqət yetirməli olduğumuzu biləcəyik.
- Çox sağ olun.
- Çox sağ olun.