18 aprel 2016
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Çexiyadan olan bədii gimnastika üzrə məşqçi Yarmila Zajonkova ilə müsahibə aparıb.
Bildiyimə görə, siz daha öncə ölkəmizə səfər etmisiniz. Azərbaycan və Bakı şəhəri haqqında təəssüratlarınızı eşitmək maraqlı olardı.
“Bəli, mən əvvəllər bir neçə dəfə Azərbaycana səfər etmişəm. Bakı çox gözəl şəhərdir, mən məmnuniyyətlə buraya gəlirəm. Burada məni çox səmimi qarşılayırlar. Şəhərdə, və, əlbəttə ki, İçərişəhərdə gəzməyi sevirəm. Xəzər dənizini seyr edərək şəhərdə məmnuniyyətlə qəhvə içirəm. Bir sözlə, burada mən özümü çox yaxşı hiss edirəm.”
Milli Gimnastika Arenasında məşqləriniz necə keçir? Burada məşqlər üçün yaradılmış şəraitdən razısınızmı?
“Bəli, əlbəttə ki, razıyam. Mən nə deyə bilərəm, bu arenanı sözlə ifadə etmək yox, görmək lazımdır, buradakı şərait sadəcə əladır. Bütün məşqçilər çox yaxşıdır, həkimlər də çalışırlar ki, hər şey lazımi səviyyədə olsun.”
Bəs bizim bədii gimnastlarımız haqqında nə deyə bilərsiniz?
“Sizin gimnastlar çox yaxşıdırlar. Bildiyimə görə, Marina Durunda artıq Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb. Ümid edirəm ki, sizin qrup hərəkətləri komandanız da bu həftə Rio-de-Janeyroda keçiriləcək Test Turnirində Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Son illər ərzində sizin komandanız çox inkişaf edib. Siz artıq proqramın bu çıxış növündə Bakıda keçirilmiş Avropa Çempionatında medallara layiq görülmüsünüz. Ümid edirəm ki, hər şey yaxşı olacaq və onlar daha da inkişaf edəcəklər.”
Məşqçilik fəaliyyəti ilə nə vaxtdan məşğul olursunuz?
“Məşqçilik fəaliyyəti ilə mən artıq 18 ildir ki, məşğulam. Çox uzun müddətdir (gülümsəyir). Uşaqlarla çalışmaq xoşuma gəlir. Gimnastika elə bir idman növüdür ki, burada həmişə ancaq işləmək lazımdır, qarşılığında heç nə gözləmədən özünü tam işinə həsr etməlisən. Bütün bunlara əməl etsəniz, o zaman nəticələr də olacaqdır. Uşaqların demək olar ki, hər bir potensialı var, ancaq onların daha çox çalışması üçün onları həvəsləndirmək çox çətindir. Bu baxımdan çətinlik çəkirik.”
Sizin gimnastların nailiyyətləri haqqında eşitmək maraqlı olardı...
“Mən buraya gənc gimnastlarla təlim-məşq toplanışına gəlmişəm. Keçən ilin sonunda biz gənclərdən ibarət yığma komandaya daxil olmaq istəyirdik və buna nail olduq. Bir həftədən sonra gənclər arasında Çexiya Respublikası üzrə çempionat keçiriləcək. Biz, həmçinin bu il İsraildə keçiriləcək Avropa Çempionatında iştirak etmək niyyətindəyik.”
Çexiyada gimnastikanın inkişafından nə deyə bilərsiniz?
“İndi bu sahədə Çexiyada vəziyyət bir qədər mürəkkəbdir, elə bir şərait və arena yoxdur ki, biz oraya uşaqları toplayaq və onlar bir yerdə yaşaya bilsinlər və təhsil alsınlar. Bizə belə bir gimnastika mərkəzi inşa etmək lazımdır ki, bütün yaxşı gimnastlar burada toplaşsınlar, məşq etsinlər və yalnız gimnastika ilə məşğul olsunlar. Daha da inkişaf etmək üçün məşqçilər də çağırmaq olar.”
Yeni başlayan gimnastlara hansı məsləhətləri verə bilərsiniz?
“Bədii gimnastika çox gözəl bir idman növüdür. Mən artıq uzun illərdir ki, gimnastika ilə məşğulam. Əlbəttə ki, bu çox böyük zəhmət tələb edir, lakin səy göstərsən və nə etmək istədiyini dəqiq bilsən, o zaman alınacaqdır. Biz – məşqçilər gimnastların uğur qazanması üçün əlimizdən gələni edirik.”
Son olaraq gələcək planlarınız haqda eşitmək istərdik.
“Mən gənc gimnastlarla məşğul oluram və onların hamısı çox bacarıqlıdır. Ümid edirəm ki, onlar da yığma komandaya daxil ola biləcəklər və mən gimnastları yetişdirdikcə, Çexiya yığma komandasına gənc yaş qrupuna aid olduqları zaman daxil ediləcəklər.”