22 may 2023
Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
Mən İrina Deryugina Ukrayna milli komandasının məşqçisiyəm. Bakıda, belə bir möhtəşəm zalda olduğuma görə çox şadam. Uzun illərdir ki, ölkənizə səfər edirəm. Məşq üçün belə gözəl şəraiti olan Azərbaycan Gimnastika Federasiyasının uğurlarına görə çox sevinirəm.
Yarışlara hazırlıq prosesi necə keçir?
Bu il çox kədərli hadisələr yaşadıq. Bu yaxınlarda mənim anam, komandamızın məşqçisi dünyasını dəyişdi. Təbii ki, idmançılarımız üçün bir neçə həftə çox çətin keçdi. Demək olar ki, onlar bir müddət məşq etmədilər. Burada keçirilən yarışda tam hazır formada deyildilər. Biz çox şadıq ki, çətin günlərimizdə Azərbaycan bizə kömək etdi. İdmançılarımız onsuz da çətin günlər keçirirlər. Hazırda bizim sakit mühitə çox ehtiyacımız var.
Son dövrlərdə Ukraynada gimnastika növləri necə inkişaf edir?
Bizdə idman gimnastikası, xüsusilə kişi idman gimnastikası çox yaxşı inkişaf edib. Akrobatika gimnastikası da yaxşı vəziyyətdədir. Bədii gimnastika isə hər kəsə məlumdur. Batut gimnastikası son dövrlərdə bir qədər zəifləyib. Ümumiyyətlə desək, bizdə bütün gimnastika növləri mövcuddur. Parkur idman növü də var. Bu növ üzrə idmançılar daha çox xaricdə məşq edirlər. Bədii gimnastlarımız çox vaxt Kiyevdə məşq edirdi. Bizim üçün çox çətin idi. Çünki gimnastlara bütün gün məşq edə biləcəkləri zal lazımdır. Belə zallar isə demək olar ki, yoxdur. Bir neçə dəfə Yaponiyaya səfər etdik. Orada da bizim üçün hərtərəfli şərait yaradılmışdı. Düşünürəm ki, hazırda dünyada bu cür şərait yalnız Yaponiya və Azərbaycanda mövcuddur. Mən deyərdim ki, digər ölkələrin zalla bağlı çox böyük problemləri var.
Azərbaycanda bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
Azərbaycanla lap çoxdan tanışam. Deyərdim ki, dünyada elə bir federasiya yoxdur ki, onun öz zalı, belə bir şəraiti və federasiya üçün çalışan çoxlu sayda əməkdaşları olsun. Gördüyüm odur ki, sizin çoxlu sayda kiçikyaşlı gimnastlarınız var. Demək olar ki, gənclərin daha yaxşı inkişaf etməsi üçün bütün şəraitə və imkanlara maliksiniz. Hazırda qrup hərəkətləri komandanız çox yaxşıdır. Qızlar necə deyərlər, formadadırlar.
Gənc nəsil gimnastlara nə məsləhət görürsünüz?
İlk növbədə əllərində olan imkanları qoruyub saxlamağı tövsiyə edirəm. Bilirsiniz, gimnastika çox gözəl idman növüdür. Gimnastika ilə məşğul olan idmançı və məşqçilər demək olar ki, ömürlük bu sahəyə bağlanırlar. Bu, məsələn, insanın virusa yoluxması, bu idman növünə aşiq olmasına bənzəyir. Yəni, demək istəyirəm ki, heç kim sırf qazanc məqsədilə bu sahədə işləmir. Məşqçilər ən yaxşı gimnastların yetişdirilməsi üçün çalışırlar. Gimnastlara ürəklərini və ruhlarını bəxş edirlər. Gimnastika məşqçisi hərtərəfli bacarığa sahib olmalıdır. O, kompozisiya qurmağı, təşkilati işləri görməyi bacarmalı, yeri gələndə, həkim, masajçı olmalı, uşaqlara geyimlərin seçilməsi üçün yüksək zövqə sahib olmalıdır.