20 iyun 2023
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Solveq Jonsdottirdir. İslandiya Gimnastika Federasiyasının baş katibiyəm.
- Azərbaycana ilk dəfə səfər edirsiniz?
- Bu, mənim artıq Bakıya dördüncü səfərimdir.
- Paytaxtımız barədə təəssüratlarınızı bilmək istərdik.
- Bakı çox gözəl və təmiz şəhərdir. Burada insanlar çox mehribandırlar. Ölkənizə səfərimdən və yaradılan şəraitdən zövq alıram.
- Gimnastikanın ölkənizdə inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- 10-15 il idi ki, bu növün inkişafı nisbətən zəif idi. İndi isə gimnastika üzrə qadınlar arasında keçirilən yarışlar çox populyardır. Ümumiyyətlə, gimnastika ölkəmizdə 3 ən populyar idman növü sırasındadır. Deyə bilərəm ki, son illər bu sahədə yüksək irəliləyiş var. Qeyd etmək istərdim ki, Azərbaycan bu sahədə ən yaxşılar sırasındadır. Hər il müxtəlif növlər üzrə yarışlara ev sahibliyi edirsiniz. Məncə, biz sizin təcrübənizdən yararlanmalıyıq.
- Azərbaycanda keçirilən gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”-i ilə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Sadəcə möhtəşəmdir. Sözsüz ki, burada uşaqları görmək çox gözəldir. Həmçinin yaşlı idmançılar da var. Hər kəs əyləncəli vaxt keçirir, xoş istirahət edir və yaxşı çıxış etmək üçün əlindən gələni etməyə çalışır. Burada hamının üzündə təbəssüm var. Bu tədbir hər kəsə xoş-əhval ruhiyyə bəxş edir. Düşünürəm ki, bu, çox gözəl tədbirdir.
- Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdim
- Öncə vurğuladığım kimi, məncə, federasiyanız son illərdə çox sürətlə inkişaf edir. Federasiya çox peşəkar iş görür. Hər dəfə bura gələndə yeniliklərin şahidi oluram. Yarışların təşkilinə gəlincə, bu sahədə yüksək təcrübəniz mövcuddur. Düşünürəm ki, görülən bütün işlər yüksək səviyyədədir. Burada çalışan insanlar öz işlərinin peşəkarıdırlar.