25 yanvar 2024
Cənubi Afrika Respublikasının Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçisi Tatyana Lavrentçuk Vizerlə müsahibəni təqdim edirik.
- Azərbaycana xoş gəlmisiniz. Buraya komandanızın neçə idmançısı ilə səfər etmisiniz?
- Azərbaycana iki gimnast ilə gəlmişəm. Onların biri gənc, digəri isə böyükyaşlı gimnastdır.
- Onlar buradakı məşqlərdə nə üzərində işləyirlər?
- Əsas məqsəd Afrika çempionatına hazırlıqdır, lakin digər məqsədlər də var. Gimnastların imkanlarını üzə çıxarmaq, böyük gimnastika dünyası ilə tanış etməkdir. Çünki Cənubi Afrikada gimnastika zəif inkişaf etmiş bir idman növüdür. Azərbaycanda isə bu, çox güclü inkişaf edib. Burada gimnastikaya böyük diqqət yetirilir. Mövcud şərait yüksək səviyyədədir və hər şey çox gözəldir.
- Maraqlıdır, Afrikada gimnastikanın inkişafı üçün hansı işlər görülür?
- Afrikada gimnastikanın inkişafı çox ləng şəkildə gedir. Çünki, dövlət bu idman növünə çox diqqət və qayğı göstərmir. Demək olar ki, yalnız Misirin bu idman növünə dəstəyi var. Digər ölkələrdə isə əsasən gimnastikaya böyük həvəs və sevgisi olanlar bu növə qayğı göstərir.
- Təlim-məşq toplanışı üçün niyə məhz Azərbaycanı seçdiniz?
- Əslində, mən Bakıda anadan olmuşam. Ömrümün yarısını burada yaşamışam. Məktəbi, daha sonra isə Kirov adına İdman Akademiyasını bitirmişəm. “Burevestnik”də məşqçi kimi fəaliyyət göstərmişəm. O vaxtlar Azərbaycanın baş məşqçisi olmuşam və səkkiz dəfə Azərbaycan çempionu adını qazanmışam.
- Necə oldu ki, Afrikaya səfər edib, məşqçi kimi çalışmağa qərar verdiniz?
- Bizim orada bir dostumuz var. Bizi sadəcə səfər məqsədilə dəvət etdi. Biz oranı ziyarət etdiyimiz zaman, idman zalında kömək etmək üçün çağırıldıq. Orada məşqçi kimi çalışmaq istəyim bundan sonra başladı.
- Nə qədər müddətdir Afrikada yaşayırsınız?
- Otuz bir ildir ki, Cənubi Afrikada yaşayıram.
- Azərbaycanda gimnastikanın inkişafını necə qiymətləndirirsiniz?
- Fikrimcə, əladır. Əldə olunan uğurlarınız Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana xanım və onun bütün komandasının böyük bir işidir. Məncə, bu, inanılmaz bir nailiyyətdir.
- Azərbaycan və Bakı şəhəri haqqında fikirlərinizi bilmək istərdik.
- Bakı mənim doğma şəhərimdir. Həmişə gözəl idi, lakin indi daha da gözəlləşib. Dünən axşam keçmiş tələbəmlə şəhəri gəzməyə çıxdıq. Bakı həmişə odlar yurdu şəhəri olub, indi isə hər yerdə işıqlar yanır, parlaqdır, gözəldir. Bundan çox zövq alıram. Burada olmağıma çox şadam.
- Gimnastlara nə məsləhət görürsünüz?
- Gimnastika ilə sevgi ilə məşğul olsunlar. Çünki nailiyyət əldə etmək üçün yüksək səviyyədə çıxış etməlidirlər. Hansı medalı qazanmağın isə heç bir əhəmiyyəti yoxdur.