İdman

gimnastikadan

başlayır

“Burada keçirilən məşq prosesi çox fərqlənir”

05 dekabr 2023

“Burada keçirilən məşq prosesi çox fərqlənir”

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Arijali Nişa Neqakadır. Mən Dekai-Cakarta Bədii Gimnastika Assosiasiyasının baş məşqçisiyəm. Buraya mənimlə birgə böyüklərdən ibarət yığma komandamızın məşqçisi Vini Sari də gəlib.
- Məşqlərə neçə idmançınız cəlb olunub?
- Buraya gənclər yaş kateqoriyasını təmsil edən 3 gimnastla gəlmişəm. Onların hələ 17 yaşı var.
- Buradakı məşqləri necə dəyərləndirirsiniz?
- Azərbaycana səfərimizdən öncə mən gimnastlarımızla söhbət etdim və onlara bildirdim ki, məşqlərdə cəsarətli, nizam-intizamlı, həvəsli, həm də fiziki cəhətdən güclü olmalıdırlar. Çünki burada keçirilən məşq prosesi bizim ölkədən çox fərqlənir.
- Azərbaycan gimnastları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Hazırda burada çoxlu gənc gimnast görürəm. Onlar çox gözəldirlər və gələcək  yarışlar üçün yüksək potensiala malikdirlər. Bəlkə də onlar nə vaxtsa dünya səviyyəli yarışlarda çıxış edəcəklər.
- Gimnastlarınızı yarışlara necə həvəsləndirirsiniz?
- İlk növbədə onlar nizam-intizamlı olmalıdırlar. Əsas odur ki, qarşılarına gələcək üçün məqsəd qoymalıdırlar. Nə vaxtsa dünya çempionatı kimi mötəbər yarışda  iştirak edəcəklərinə inanmalıdırlar.  
- Peşəkar idman sizin üçün nə deməkdir?
- Mənim peşəkar idmanla bağlı fikirlərim ondan ibarətdir ki, bütün hakimlər yarışlarda ədalətli olmalı və qəti qərar verməlidirlər.  
- Məşqçi kimi ən yaxşı nəticəniz hansıdır?
- Yığma komandamız İndoneziyada keçirilən çempionatlarında həmişə qızıl medallar əldə edir. Dəniz Oyunlarında qızıl, gümüş və bürünc medallarımız olub. Asiya Oyunlarında hələ ki, heç bir nailiyyətimiz yoxdur, Asiya çempionatında 15-ci sırada qərarlaşmışıq.
- Milli Gimnastika Arenası haqqında fikirlərinizi bilmək istərdik.
- Çox əladır. Zal çox təmizdir. Məşqçilik yüksək səviyyədədir. Onlar çox peşəkardırlar. Yaşayış otaqları da gözəldir. Həkim, fizeoterapiya, massajçılar, bir sözlə, hər kəs gimnastlarımızın qayğısına qalır. Məşqçilər gimnastlarımızın təkmilləşməsi üçün hərtərəfli köməklik göstərirlər.