İdman

gimnastikadan

başlayır

“Buradakı ab-hava bizə xoş anlar bəxş edir”

06 iyun 2023

“Buradakı ab-hava bizə xoş anlar bəxş edir”

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Hər kəsi salamlayıram. Mən Elina Ratınova Qırğızıstanın Olimpiya Ehtiyatları Məktəbinin məşqçisiyəm. Buraya bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası ilə birgə təlim-məşq toplanışlarına gəlmişəm. Qeyd edim ki, bu komanda Qırğızıstan milli çempionatının bürünc mükafatçısıdır.
- Burada hansı yarışlara hazırlaşırsınız?
- Hazırda məşqlərdə 6 idmançımız iştirak edir. Biz burada Qırğızıstanda keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. Bu kifayət qədər böyük yarış olacaq. Yarışda Qazaxıstan, Özbəkistan, Belarus və digər ölkələrdən idmançıların iştirakı gözlənilir.
- Ölkənizdə gimnastika necə inkişaf edir?
- Qırğızıstanda gimnastika yeni inkişaf etməyə başlayan idman növlərindəndir. Biz prezidentimizə, federasiyamıza çox minnətdarıq. Hər il böyük işlər görülür. Federasiya çalışır ki, bütün idmançılar yüksək səviyyədə olsunlar. Bir sıra Asiya ölkələrində olduğu kimi, bizdə də maliyyə problemləri mövcuddur. Buna baxmayaraq, federasiyamız inkişaf üçün əlindən gələni əsirgəmir və biz buna görə çox minnətdarıq.
- Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Səhv etmirəmsə, Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq dünyada ən yaxşı federasiya sırasında yer alıb. Bu, böyük nailiyyətdir. Bu uğurlar göz qarşısındadır. Biz hazırda menecerlərin, məşqçilərin, idmançıların fəaliyyətini görə bilirik. Biz bu uğurlara çox sevinirik. Onlar hər il möhtəşəm işlər həyata keçirirlər.
- Bu, sizin Bakıya ilk səfərinizdir?
- Bəli, bu bizim Bakıya ilk səfərimizdir. Şəhər və buradakı ab-hava bizə xoş anlar bəxş edir.
- Arenadakı məşqləri necə dəyərləndirirsiniz?
- Burada məşq etmək imkanı əldə etdiyimiz üçün çox sevinirik. Etiraf edim ki, arena çox möhtəşəmdir. Burada qalmağımız, qidalanmağımız üçün hərtərəfli şərait mövcuddur. Biz uğurlu federasiyalardan biri olan Azərbaycan Gimnastika Federasiyasına öz minnətdarlığımızı bildiririk və bütün dünyada gimnastikanın inkişafı naminə gələcəkdə də qarşılıqlı əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik.