13 aprel 2023
Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
Mənim adım Marina Tsapkeviçdir. Mən İsrailin Kfar-Saba bədii gimnastika klubunu təmsil edirəm.
Bakıya neçə idmançı ilə gəlmisiniz?
Məlumat üçün deyim ki, klubumuzda 200-ə qədər idmançı məşq edir. Biz Bakıya iki gənc gimnastla gəlmişik. Gimnastlarımız Serbiyada keçiriləcək 17-ci “Ritam” kubokuna hazırlaşırlar. İdmançılarımızın yarışqabağı yaxşı formada olmalarına və turnirlərdə uğurlu nəticə qazanmalarına çalışırıq.
Burada hansı məşqləri edirsiniz?
Buradakı məşqlərdə daha çox idmançıların dözümlülüyü və proqramın təkmilləşdirilməsinə diqqət yetiririk. Qızlarımız öz üzərində çox işləyirlər. Əlbəttə ki, qısa zamanda istəyimizə nail olmaq asan deyil. Buradakı məşqlərdən sonra idmançılarımızda ciddi inkişaf hiss olunur. Ümid edirəm ki, bu məşqlər, gələcəkdə də komandamızın üzvlərinə öz mübət təsirini göstərəcək.
İsraildə gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bölüşərdiniz.
Hazırda İsraildə gimnastikanın inkişafı yüksək səviyyədədir. Fəxrimiz olan Olimpiya çempionu Linoy Aşram kimi gimnastımız var. Əlbəttə ki, bütün kiçikyaşlı idmançılarımızın arzusu nə vaxtsa bu uğuru təkrarlamaqdır.
İsraildə gimnastikanın daha hansı növləri inkişaf edib?
Son illərdə gimnastikanın bir çox növü ölkəmizdə sürətli inkişaf edir. Güclü idmançılarımız var. Xüsusilə kişi idman gimnastikasında təmsilçilərimiz yüksək nəticələr göstərirlər. Bu növdə Olimpiya medalımız var. Akrobatika gimnastikası da yaxşı inkişaf edib. Kişi və qadın akrobatlarımız cütlük və qrup proqramlarında dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər qazanırlar. Son illərdə qazanılan uğurlar bizi qürurlandırır.
Azərbaycan gimnastları ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
Emosional, qeyri-adi gimnastları çox bəyənirəm. Sizin gimnastlarınız da hər zaman bu xüsusiyyətlərə görə fərqlənirlər. Onlar hər zaman fərqli geyimləri və kompozisiyaları, eləcə də yüksək enerjiyə malik olmaları ilə hər kəsi cəlb edirlər. Bir məşqçi kimi bu, mənim çox xoşuma gəlir.
Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik.
Bakıya ilk dəfədir ki, təlim-məşq toplanışı məqsədilə səfər edirəm. Təbii ki, burada idmançılara yaradılan şərait bizi heyran edir. Onlar bütün diqqətlərini məşqlərə yönəldirlər. Məşqləri düzgün planlaşdırır və buradakı şəraitdən maksimum yararlanmağa çalışırıq. Həqiqətən, zal çox gözəldir. Həm idman gimnastikası, həm batut gimnastikası, həmçinin bədii gimnastika üçün, bir sözlə bütün gimnastika növləri üçün gözəl şərait mövcuddur. Bütün bunların vəhdəti idmançılara nəticə əldə etmək üçün maksimum şərait yaradır.