İdman

gimnastikadan

başlayır

“Doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir”

12 may 2023

“Doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir”

17-21 may tarixlərində ölkəmizdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına sayılı günlər qalıb. "Shine like a star"(“Ulduz kimi parla”) şüarı altında 38 ölkənin bədii gimnastika ulduzlarının iştirakı ilə keçiriləcək qitə çempionatında  ümumilikdə 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq.
Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında 5 halqa, 3 lent və 2 top, gənclər arasında isə 5 ip və 5 top proqramında mübarizə aparacaqlar.
Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcək.
Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina çıxacaq.
Gənclər arasında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.
Fərdi gimnastlarımız və böyüklərdən ibarət qrup komandamızın üzvləri qitə çempionatı öncəsi öz fikirlərini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüblər.

- Avropa çempionatına komanda olaraq necə hazırlaşmısınız?
Güllü Ağalarzadə:
Bu il məşqçimiz bizim üçün maraqlı və çətinliyi yüksək olan kompozisiya qurub. Keçən ilin oktyabr ayından etibarən biz yeni kompozisiya üzərində işləyirik. Qeyd etmək istərdim ki, Avropa çempionatından əvvəl bir neçə Dünya kubokunda iştirak edərək yaxşı nəticə əldə etmişik. Komanda olaraq biz Avropa çempionatına hazırıq. Üstəlik Avropa çempionatında 38 ölkədən gimnastlar mübarizə aparacaqlar. Bu yarışa sayılı günlər qalıb. İnanıram ki, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıracağıq.
- Doğma divarlar arasında çıxış nə ilə fərqlənir?
Ləman Əlimuradova: Əlbəttə ki, doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir. Çünki bizi daha çox insan izləyir və dəstəkləyir - bütün federasiya işçiləri, valideynlərimiz, kiçik gimnastlarımız və gimnastikasevərlər. Buna görə də biz çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.
- Çıxış proqramınız nə ilə fərlənir?
Zeynəb Hümmətova: Bizim hər iki çıxışımız çox fərqlidir. 5 halqa ilə çıxışımız milli musiqi sədaları altındadır. Avropa çempionatı Bakıda doğma divarlar arasında keçiriləcək. Çalışacağıq ki, arenada milli abu-hava yaradaq. Milli musiqi sədaları altında tamaşaçıları ayağa qaldıraq. 3 lent və 2 topla olan çıxışımız isə daha fərqlidir. Maraqlı və sirlidir. Kompozisiayalarımız çox fərqlidir. Hər birinizin dəstəyini gözləyirik.
- Yarışın afişasında və tanıtım videoçarxında yer almaq sizə əlavə məsuliyyət hissi qazandırırmı?
Darya Sorokina: Doğma Bakıda bütün afişalarda özümüzü görmək fərəhli haldır. Bu, təşkilatçılar tərəfindən çox maraqlı fikirdir. Biz idman ulduzları kimi afişada yer almışıq. Bizim üçün bu, əlavə məsuliyyətdir.
- İdman ulduzları ilə eyni səhnəni bölüşmək necə bir hissdir?  
Yelizaveta Luzan: Avropa çempionatında məşhur idmançılar, gimnastika ulduzları və həmçinin dünya mükafatçıları iştirak edəcək. Bu, mənim üçün həm böyük qürur hissi, həm də böyük məsuliyyətdir.
- Avropa çempionatında hansı proqramda daha yaxşı çıxış edəcəyinə ümid edirsən?
Zöhrə Ağamirova: Hər dörd proqramımı bəyənirəm. Hər bir kompozisiyam bir-birindən fərqli və maraqlıdır. Hamsında yaxşı çıxış etmək mənim üçün çox vacibdir. Çalışacağam ki, çıxış edib finala vəsiqə qazanım.
- Bu, böyüklər arasında iştirak etdiyin ilk Avropa çempionatıdır. Hansı hissləri keçirirsən?
İlona Zeynalova: Bu, mənim böyüklər arasında iştirak edəcəyim ilk Avropa çempionatıdır. Bir az həyəcan hissi var. Buna baxmayaraq mən ciddi hazırlaşıram. Ümid edirəm ki, mən öz proqramımı yaxşı yerinə yetirəcəyəm və ölkəmizi layiqincə təmsil edəcəyəm.