16 fevral 2024
Batut gimnastikası üzrə yığma komandanın baş məşqçisi Vladimir Şulikin 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.
- Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində Latviya, Qazaxıstan, Sloveniya, Gürcüstandan idmançılar iştirak edirlər. Əcnəbi komandaların iştirakı yarışda rəqabəti artırır. Qonaqlar yarışın təşkilindən razıdırlar. Kiçikyaşlı gimnastların çıxışları göstərir ki, perspektivli gənclər yetişir.
Qarşıda bizi Bakıda keçiriləcək Dünya kuboku gözləyir. Böyükyaşlı idmançılar üçün milli yarış həm də qarşıdakı yarışlara sınaq xarakteri daşıyır. Bu yarışda çıxış edən yığma komandanın üzvü Selcan Mahsudova Dünya kubokunda Olimpiya lisenziyası uğrunda mübarizə aparacaq. Onunla yanaşı, komandamızın üzvləri arasında ilk dəfə böyüklər arasında Dünya kubokunda qüvvəsini sınayacaq gimnastlarımız var. Bakıya dünyanın ən güclü gimnastları gələcək. Ümid edirəm ki, idmançılarımız Dünya kubokunda uğur qazanacaqlar.