İdman

gimnastikadan

başlayır

“Əldə olunan uğur bizim üçün xüsusi əhəmiyyətə malikdir”

19 sentyabr 2022

“Əldə olunan uğur bizim üçün xüsusi əhəmiyyətə malikdir”

Xəbər verdiyimiz kimi, sentyabrın 14-dən 18-dək  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatında qrup hərəkətləri üzrə yığma komandamız 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal əldə edib. Bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə komandanın qazandığı nəticə barədə fikirlərini bölüşüb. 

Dünya çempionatı öncəsi bizim əsas məqsədimiz mükafatçılar sırasına düşmək idi. Fərəhli haldır ki, qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri fəxri kürsüdə yer almağı bacardı. Əldə olunan uğur bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri yığma komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir. Ümumilikdə, nəticədən razıyam. Düzdür, çoxnövçülükdə gimnastlarımız səhvə yol verdilər. Səhvlərimizdən nəticə çıxararaq, onlar üzərində işləyəcəyik. 
Gimnastlarımızın yüksək səviyyədə məşq etmələri və  bizim üçün yaradılan şəraitə görə, ilk növbədə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığımı bildirirəm. Həmçinin, idmançılarımızın hazırlığını daim nəzarətdə saxlayan, bizə öz tövsiyələrini verən AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilevaya və komandanın hazırlığında əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm. 
2022-ci il qrup komandamız üçün əlamətdar olub. Təmsilçilərimiz Bakıda və xaricdə keçirilən Dünya kuboklarında, eləcə də bir sıra mötəbər yarışlarda uğurlu nəticələrə imza atıblar. Qrup komandamız bu il keçirilən Avropa çempionatında 3 bürünc, V  İslam Həmrəyliyi Oyunlarında isə 2 qızıl və 1 gümüş medala sahib çıxıblar. 
Qarşıda dayanan əsas məqsədimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Təəssüf ki, dünya çempionatında biz buna nail ola bilmədik. Olimpiya Oyunlarına təsnifat mərhələləri davam edir. Çıxışlarımızı daha da təkmilləşdirərək növbəti lisenziya yarışlarında uğurla çıxış etməyi planlaşdırırıq. Son yarışdakı müşahidələrimə əsasəm deyə bilərəm ki, bir sıra məqamlar var ki, onlar üzərində işləməliyik. Belə olan halda daha da yüksək nailiyyətlər qazana bilərik.