İdman

gimnastikadan

başlayır

“Emosiyalar o qədər çoxdur ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil”

23 may 2023

“Emosiyalar o qədər çoxdur ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil”

Ölkəmizdə bədii gimnastika üzrə keçirilən 39-cu Avropa çempionatının üç lent və iki topla hərəkətlərin icrasında qızıl, çoxnövçülük proqramında bürünc medalçıları, Azərbaycanın qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüblər.
Gimnastlar Avropa çempionatında qızıl medala doğru gedən yolun asan olmadığını, lakin gərgin məşqlərin və hədəfə çatmaqla bağlı böyük istəyin öz bəhrəsini verdiyini vurğulayıblar.

"Çox şadıq ki, qızıl medal qazana bildik, biz çalışdıq, çox çalışdıq. Məşqçilərimizə, xoreoqraflarımıza, bizə dəstək göstərən hər kəsə minnətdarlığımızı bildiririk. Emosiyalar o qədər çoxdur ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil. Əlbəttə ki, doğma Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir, biz bütün tamaşaçı zalının dəstəyini hiss edirdik. Şübhəsiz heç nə asan alınmır, bəzən uğur əldə etmək üçün çətinliklərdən keçmək lazımdır. Biz medal qazanmaq üçün çox çalışdıq, məşqçilərlə hər bir detal üzərində işləyirdik. Bu qələbəyə can atırdıq və bizdə hər şey alındı!", - komandanın üzvü Ləman Əlimuradova deyib.
Onlar qeyd ediblər ki, final mərhələsi onlar üçün daha da məsuliyyətli olub.
"Təsnifat mərhələsində ən yüksək xal alanda anladıq ki, finalda medal qazana bilərik. Bu, bizə daha böyük məsuliyyət qazandırdı. Bizdə hər şey alındı, Avropa çempionatında qızıl medal qazandıq", - deyə Zeynəb Hümmətova qeyd edib.
Gimnastlar onları bu yolda dəstəkləyən hər kəsə minnətdar olduğunu bildiriblər.
"Biz öz qələbəmizi Azərbaycana həsr edirik. Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, valideynlərimizə, bizi dəstəkləyən hər kəsə böyük minnətdarlığımızı bildiririk. Biz bu dəstəyi hiss edirdik, və bu bizə əminlik və güc verirdi", - deyə Güllü Ağalarzadə əlavə edib.
Gimnastlar vurğulayıblar ki, qarşıda onları böyük yarışlar gözləyir, dünya çempionatında Olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır.
"Daha da çox məşq etməyə çalışacağıq, axı biz hələ olimpiya medalını qazanmamışıq. Ümid edirik, bizdə hər şey alınacaq", - komanda üzvləri deyiblər.