26 yanvar 2023
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Polşanın “Boomerang Rumia” klubunun bədii gimnastika üzrə yığma komandasının məşqçisi Mariya Murvinska ilə müsahibəni təqdim edir
- Zəhmət olmasa özünüzü təqdim edin.
- Mənim adım Mariya Murvinskadır. Polşanın “Boomerang Rumia” klubunda məşqçi kimi çalışıram. Biz yeni klubumuzun gimnastları ilə birlikdə buraya gəldik.
- Bildiyimizə görə, bu, sizin Bakıya ilk səfəriniz deyil. Paytaxtımızla bağlı təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Bu, Bakıya ilk səfərim deyil. Mən artıq 5-ci dəfədir ki, Bakıda təlim-məşq toplanışında iştirak edirəm. İlk dəfə olaraq 2005-ci ildə, Avropa və dünya çempionatlarının keçirildiyi vaxt burada olmuşam. Dəfələrlə gəllərək yarışlarda hakimlik etmişəm. Deyərdim ki, Bakının mənim gözümün qabağında necə inkişaf etdiyinin şahidi olmuşam. Bakının əvvəlki və indiki vaxtı arasında böyük fərq var və indiki Bakını daha çox bəyənirəm.
- Burada hansı yarışlara hazırlaşırsız və onlardan gözləntiləriniz nədir?
- Yeni mövsüm başlayır. Bu il mart ayının sonunda Polşada böyüklər arasında yerli çempionat keçiriləcək və məhz buna görə biz bu vaxt gəldik. Burada, iki gimnastımız yarışa hazırlaşır, lakin məşqçiləri ilə dostluq etdiyimiz klubdan digər bir gimnast da buraya bizimlə birlikdə gəlib. Düşünürəm ki, bu gimnast Bakıda keçiriləcək Avropa çempionatında çıxış edəcək. Bu, “SGA KRAKOW” klubunda məşq edən - Emiliya Heiçeldir. Maraqlı odur ki, klubumuzda iki vətəndaşlığa (Polşa və Hollandiya) sahib olan bir gimnast məşq edir. Hollandiya millisi 30 illik fasilədən sonra Avropa çempionatında iştirak etmək istəyir. Bu gimnastımız yarışlarda iştirak edəcək yığmanın heyətə daxil edilib. Daha sonra onlar Avropa çempionatı üçün Bakıya gələcək üç gimnastı seçəcəklər. Onların ilk yoxlama məşqi bazar günü keçiriləcək. Mən Azərbaycan Gimnastika Federasiyasına çox minnətdaram ki, gimnastımız burada çıxışı zamanı onlayn qaydada Hollandiyaya qoşula biləcək və gimnastlar onun çıxışını izləyə biləcəklər. Bunun üçün onun Hollandiyaya qayıtmasına ehtiyac olmayacaq. Məşq prosesinin necə keçəcəyi bizim üçün çox maraqlıdır.
- Polşada bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Hazırda kiçik yaş qruplarından başlayaraq, bizim çoxlu gimnastlarımız var. Hər ölkədə olduğu kimi daha sonra böyüklər yaş kateqoriyasına çatmaq çox çətindir. Azərbaycanda olduğu kimi şəraitimiz yoxdur. Bizim gimnastlar məktəbə gedirlər, buna görə də 3-4 saat məşq edirlər. Lakin, burada biz 8 saat məşq edirik. Hazırda böyüklər və gənclər yaş kateqoriyasında təcrübəli gimnastlarımız var, həmçinin böyüklər və gənclər arasında qrup hərəkətləri üzrə komandamız mövcuddur. Bizim gimnastımız - Liliana Levinska keçən il Avropa çempionatında medallar qazanıb. Ümid edirəm ki, o, bu il keçiriləcək dünya çempionatında da medal uğrunda mübarizə aparacaq. Bu Polşa üçün böyük təcrübə olacaq.
- Sizcə, Azərbaycan bədii gimnastlarını dünya arenasına fərqləndirən cəhət nədir?
- Onlar musiqinin xarakterini çox gözel nümayiş etdirirlər. Gözəl rəqslər nümayiş etdirirlər. Burada xoreoqrafların böyük əməyi hiss olunur. Baş məşqçi Mariana Vasileva həmişə istəyib ki, Azərbaycan gimnastları hər mövsüm yeniliklərə can atsınlar. Bunu sonradan görmək olur.
- Yeni nəsil gimnastlara nə demək istərdiniz?
- Gimnastikada nəticə əldə etmək üçün çox çalışmaq lazımdır. Qarşınıza qoyulan məqsədlərə doğru irəliləyin. Əgər nəsə alınmırsa, o zaman hər şeydən imtina etmək lazım deyil. Bu, çox böyük prosesdir və mən istəyirəm ki, hər bir gimnast bunu bilsin. Nəticə əldə etmək üçün öz üzərində işləmək və çox çalışmaq lazımdır.