22 aprel 2023
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokunda iştirak edən Meksika nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- Meksikalı idmançılar Bakıda, Milli Gimnastika Arenasında özlərini çox rahat hiss edirlər. Onlarla görüşüb söhbət etmək imkanı əldə etdiyim üçün çox şadam. Gimnastlarımıza dəstək olmaqdan qürur duyuram. Mənimlə söhbətlərində Meksika millisinin nümayəndələri bildirdilər ki, Milli Gimnastika Arenası dünyada ən gözəl gimnastika meydançasıdır. İdmançılar üçün burada hər cür şərait yaradılıb, onlar özlərini evlərindəki kimi hiss edirlər. Bədii gimnastika üzrə Dünya kubokunun təşkili yüksək səviyyədədir. Azərbaycan komandası yaxşı çıxış edir, gimnastlara medallar qazanmağı arzulayıram. Bu, arenaya ikinci dəfədir ki, gəlirəm. Ötən həftə bədii gimnastika üzrə izlədiyim beynəlxalq turnir məndə xoş təəssüratlar yaratdı.