İdman

gimnastikadan

başlayır

“Gimnastların məşq etməsi üçün hər cür şərait yaradılıb”

03 fevral 2023

“Gimnastların məşq etməsi üçün hər cür şərait yaradılıb”


Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Gürcüstanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Lali Dolidze ilə müsahibəni təqdim edir

- Azərbaycana xoş gəlmisiniz. Özünüz barədə bir qədər məlumat verərdiniz. 

- Dəvətiniz üçün təşəkkür edirəm. Mən Gürcüstanda anadan olmuşam. Milli komandanın məşqçisiyəm və öz adıma olan klubda məşqçilik fəaliyyəti ilə məşğul oluram. Həmçinin Salome Pajavanın məşqçisiyəm. Ümid edirəm ki, siz onu tanıyırsınız, hətta bütün dünya onu tanıyır. İdmançım iki Olimpiadada (Rio-de-Janeyro və Tokio) iştirak edib.
 
- Bu, Bakıya necənci səfərinizdir? 
- Bu, mənim Bakıya ilk səfərim deyil. Biz Bakıya gələn birinci nəsil deyilik. Biz burada məşq edirik və çox xoşumuza gəlir. Sizin əla bazanız var, bütün gimnastların məşq etməsi üçün hər cür şərait yaradılıb. Düzünü desəm, buna bir az həsəd aparıram. Təəssüf ki, bizdə belə bir şərait yoxdur.
 
- Komandanızın heyəti neçə nəfərdən ibarətdir? 
- Hazırda biz bir gənc gimnastla (2009-cu il təvəllüdlü) gəlmişik. Ümid edirəm ki, o, dünya çempionatında iştirak etmək üçün milli komandanın heyətinə düşəcək. Fevralın əvvəlində isə atletimiz mövsümə start verir. Biz yaxşı şəraitdə və sizin yaxşı ixtisaslaşmış məşqçi və xoreoqraflarınızın köməyi ilə mümkün qədər çox hazırlaşmaq istəyirik. Ümid edirəm ki, biz uğur qazanacağıq.
 Klubumuzdakı gimnastlar, gənclər arasında üç gimnast, yəni, gənclər yaş kateqoriyasında ilk dəfə çıxış edən gimnastlar (2009-2010 cu il təvəllüdlü) keçən il yayda burada olmuşdular. Onlar buradakı bazadan, məşq prosesindən məmnun halda qayıtmışdılar. Çox razı və xoşbəxt idilər və yenidən səfər etmək arzusunda idilər. Amma bu gimnastlardan ikisi artıq qrup hərəkətləri komandasında yer alır və Yelena Tsulukidze fərdi şəkildə məşq edir. Ona görə də bir gimnast gətirməli oldum.
 
- Burada daha çox nə xoşunuza gəlir? 

- Hər şey. Tamamilə hər şey. Müəyyən bir cədvəliniz var, məşq səhər 8:00-8:30-da başlayır, xoreoqrafiya və daha sonra isə gimnastlar burada xalça üzərində adi məşqi yerinə yetirməyə başlayırlar. Hər kəs çox diqqətli və mehribandır. Bundan əlavə nə demək olar? Burada yaşayırıq və yeyirik, xərcimiz çıxmır, bir yerdən o biri yerə getmək üçün əlavə vaxt sərf etmirik. Hər şey çox yaxşı və mükəmməldir.
 
- Azərbaycan gimnastlarını digərlərindən fərqləndirən əsas cəhət nədir? 
-Onu fərqli edən nədir, bilirsinizmi? Nədənsə, Qafqaz qızlarını digərlərindən fərqləndirən emosional, temperamentli, xarizmatik gimnastları həmişə çox bəyənmişəm. Bu, mənim şəxsi fikrimdir. Bəlkə də bir amplituda, və ya xarici görünüş rus və ya belarus idmançıları ilə eyni deyil. Amma  qafqazlı olmaq özünü göstərir. Amma qızlar, mənim fikrimcə çox emosional və parlaqdırlar. Çox bəyənirəm, çünki bunun pərəstişkarıyam.

Belə səmimi qəbula görə bir daha federasiyanıza təşəkkürümü bildirirəm. Biz çox sevincliyik və təlim-məşq toplanışında iştirak üçün buraya böyük həvəslə gəlirik. Mən AGF-nin İcra Komitəsinin üzvü Mariana Vasilevanı, eləcə də AGF-nin idman direktoru Natalya Bulanovanı uzun illərdir tanıyıram. Uzun illərdir ki, dostluq əlaqələrimiz  var. Artıq gimnastikadan əl çəkmiş, öz ailəsi olan, bəzi vəzifələrdə çalışan yaşlı nəsillərdən başlayaraq, buraya bir çox nəsil gimnast gəlib. İndi isə cavan nəsil gimnastlar gəlirlər. Sizə öz təşəkkürümü bildirirəm.