06 avqust 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Olimpiya Oyunlarının gümüş mükafatçısı, bədii gimnastika üzrə 7 qat dünya, 5 qat Avropa çempionu Yana Batırşina ilə müsahibəni təqdim edir.
- Yana xanım, dəfələrlə Azərbaycana səfər etmisiniz. İlk növbədə ölkəmizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- İlk növbədə deyə bilərəm ki, bura mənim vətənimdir. Mən Azərbaycana ilk dəfə 19 il bundan əvvəl gəlmişəm. Məni buraya sonradan həyat yoldaşım olan Timur Vaynşteyn gətirib. O məni belə heyrətamiz, qonaqpərvər, gözəl ölkə ilə tanış edib. Təyyarədən endiyimiz ilk saniyələrdə şəhəri görən zaman başa düşdüm ki, bura qəlbimə çox yaxın bir yerdir. Mən Özbəkistanda anadan olmuşam. Bu baxımdan, buradakı Şərq koloriti tam mənim istədiyim kimidir. İnsanlar mənə elə böyük məhəbbət və isti münasibət göstərirlər ki, bunları sadəcə olaraq, sözlə ifadə etmək mümkün deyil. Azərbaycanda olarkən hər zaman gülümsəyir və sevinirəm.
- Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz.
- Azərbaycanda gimnastika inkişaf edir. Sözsüz ki, təmsilçilərinizin qazandıqları nəticələr, medallar və mükafatlar bu inkişafın əsas göstəricisidir. Çox uzağa getməyək, elə ay yarım bundan əvvəl, keçirilən Avropa çempionatında Azərbaycanın yığma komandası 4 bürünc medal əldə etdi. Bu, heyrətamiz nəticədir. Azərbaycan Gimnastika Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu sahə yüksək səviyyədə inkişaf etdirilir. Hər şey düzgün istiqamətdə gedir. Bu gün mən ilk dəfə, heç vaxt çıxışlarını izləmədiyim gənclərdən ibarət milli komandanın üzvlərini gördüm . Təbii ki, yaxşı ehtiyat qüvvə formalaşıb. Necə deyərlər, daha istedadlı, daha yaxşı bir nəsil digər nəsli əvəzləyir. Federasiyaya uğurlar, idmançılara isə zədəsiz çıxışlar arzulayıram.
- Bu gün bədii gimnastika üzrə yığma komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığını izlədiniz. İdmançılarımızın Oyunlarda şanslarını necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, onların şansları yüksəkdir. Son İslam Oyunlarında Azərbaycan milli komandası qızıl, həmçinin ayrı-ayrı alətlər üzə proqramlarda daha üç qızıl medal əldə edib. Komandanıza əz azı bu nəticəni təkrarlamağı arzu edirəm. Əlbəttə ki, rəqiblər arasında güclü ölkələr var, amma mənə elə gəlir ki, Azərbaycan bu uğuru təkrarlaya bilər.
- Necə düşünürsünüz, idmanda uğur qazanmaq üçün nə etmək lazımdır?
- İlk növbədə, özünə inanmaq, məşqçilərə və valideynlərə qulaq asmaq. Çünki onlar bizə heç vaxt pis məsləhət vermir, əksinə, bizim üçün ən yaxşısını arzulayırlar. Təbii ki, yaddan çıxarmaq olmaz ki, məğlubiyyətsiz qələbə yoxdur. Hər bir məğlubiyyət bizi qələbəyə daha da yaxınlaşdırır. Xırda məqamlara görə ruhdan düşməmək, özünə inanmaq lazımdır. Ən vacibi budur.
- Gimnastika sizə nə qazandırıb?
Bilirsiniz, bu gün həyatımda qazandığım bütün uğurlara görə gimnastikaya borcluyam. Əgər gimnast olmasaydım, mən televiziyaya çıxmazdım və orada həyat yoldaşımla tanış olmazdım, uşaqlarımız dünyaya gəlməzdi. Ona görə də hədsiz xoşbəxtəm ki, məhz bədii gimnastika ilə məşğul olmuşam. Əgər bu həyata yenidən başlamalı olsaydım, mən mütləq yenidən gimnastika ilə məşğul olardım. Çünki bu gün əldə etdiyim hər bir şey gimnastika sayəsindədir.
- Uzun müddət həm də televiziyada aparıcılıq etmisiniz. Gimnastikanın idman jurnalisti kimi fəaliyyətinizdə hansı rolu olub?
- Əlbəttə. Gimnastika çox kömək edir, çünki oxşar məqamlar var. Bu, ilk növbədə nizam-intizamdır. İdmançıların əksəriyyəti nizam-intizamlı olur. Televiziyada da bu məqam çox vacibdir. Bundan başqa, ustadlarına qulaq asmalı, onlardan bəhrələnməli və özünü təkmilləşdirməlisən. Canlı yayıma çıxarkən insan sanki yarışa çıxır. Sənin sadəcə bir cəhdin olur. Fərq ondadır ki, aparıcılıq edərkən sənin qarşında kamera və operator olur, xalça üzərinə çıxarkən isə nəhəng stadionda çoxlu insanlar sənə tamaşa edir. Amma yaşanan hisslər - həyəcan və aldığın zövq eynidir.
- Azərbaycanda müxtəlif vaxtlarda master-klasslar keçirmisiniz. Yenidən burada belə məşğələləri təşkil etmək istərdinizmi?
- Bəli, mən artıq bir neçə dəfə master-klass keçirmişəm. Əlbəttə ki, böyük məmnuniyyətlə belə bir təklif olarsa qəbul edərəm.