İdman

gimnastikadan

başlayır

“Komandamı dəstəkləmək üçün buradayam”

06 mart 2024

“Komandamı dəstəkləmək üçün buradayam”

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Milli Gimnastika Arenasında qonaq olub. O, Azərbaycanda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda iştirak edən Meksika milli komandasının üzvləri ilə görüşüb, onlara uğurlar arzulayıb. Səfir daha sonra yarışla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb.

- Artıq 4-cü dəfədir ki, Milli Gimnastika Arenasına gəlirəm. Mən komandamı dəstəkləmək üçün buradayam. Qeyd edim ki, bu yarış Olimpiya oyunlarına lisenziya qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. Yarışda çoxlu sayda ölkənin iştirakçıları qüvvələrini sınayacaqlar. Bütün iştirakçılara uğurlar arzu edirəm. Komandamızın üzvləri hər zaman mənimlə təssürratlarını bölüşərkən bildirirlər ki, burada idmançılar üçün yüksək səviyyəli şərait yaradılıb. Onlar Azərbaycana səfər etməyi çox sevirlər. Buradakı ab-havadan yarışın yüksək səviyyədə təşkilini görmək mümkündür. Ötən ay Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunu izləmişdim. Keçən il isə bədii gimnastika üzrə yarışda qonaq qismində iştirak etmişdim. Bugünlərdə Xankəndi ultramarafonunda 4 meksikalı da 380 km məsafə qət etdi.  Bakıda keçirilən qarşılanma mərasimində iştirak etdim. Bu cür kütləvi tədbirlərin təşkili bizim üçün çox xoşdur.