31 iyul 2024
Latviyanın qadın idman gimnastikası üzrə milli komandasının üzvü Valeriya Rotabilskaya ilə müsahibəni sizə təqdim edirik.
Daha əvvəl Bakıda yarışlarda iştirak etmişsinizmi?
- İki dəfə Bakıda keçirilən dünya kuboklarında iştirak etmişəm.
Latviyada idman gimnastikasının inkişafı haqqında nə deyə bilərsiniz?
- Təəssüf ki, Latviyada belə rəqabət yoxdur, ona görə də daha çox təcrübə toplamaq üçün daha yaxşı şəraiti olan müxtəlif ölkələrdə təlim-məşqlərdə iştirak etməlisən.
Burada bir neçə günlük təlim-məşqdə iştirak etmək sizə nələr qazandırdı?
- Artıq bir neçə gündür ki, burada təlim-məşq toplanışında yer alıram. Təəssüf ki, səhhətimdə problemlər var. Mən bütün gücümlə məşq edə bilmirəm və ya bəzi elementləri icra edə bilmirəm. Buna görə də bunu hələlik bir mübadilə hesab etmək olar, amma burada məşq eləmək mənim üçün böyük üstünlükdür. Evə qayıdanda əminəm ki, öz fiziki formamı itirməyəcəyəm.
Azərbaycanın qadın idman gimnastları haqqında nə deyə bilərsiniz?
- Mənim ən yaxın dostum buradadır, Nazənin Teymurova ilə keçən il burada tanış olmuşduq. Sevdiyimiz gimnastika tirində birlikdə məşq etmək xəyalımız var idi. Beləliklə, arzumuz gerçəkləşdi. Burada qızlar daha güclüdür, məşqçi də çox yaxşıdır. Beləliklə, onlara baxıb onlar kimi olmağı məqsəd kimi qarşına qoyursan.
Burada sizi ən çox heyrətləndirən nə oldu?
- Bakıya ilk dəfə gələndə bu şəhəri çox bəyəndim. Bizi ekskursiyalara aparırdılar. Bu dəfə isə məni dənizə apardılar, şəhərin mərkəzində gəzintiyə çıxdım, hər şey çox gözəldir. Buradakı insanlar çox mehribandırlar.
Azərbaycanda təlim-məşqlərdə iştirak etmək sizi nəyə ruhlandırdı?
- Buradakı məşqlərlə bağlı təəssüratlarım çox müsbətdir. Ona görə də hələki bütün gücümlə məşq edə bilməyəcəyim üçün üzülmürəm. Bir ildir, zədəli olduğuma görə heç nə edə bilmədiyim üçün 1 ay boyunca oturub ağlamışam. İndi əminəm ki, sağalıb yenidən yarışlara qatılıb, davam edəcəyəm. Daha çoxunu bacaracağam.
Son olaraq Milli Gimnastika Arenası haqqında fikirlərinizi öyrənmək istərdik.
- Mən buranı görəndə sadəcə şok oldum. Çox gözəl, parlaq, təmirli və böyük arenadır. Bu mənim üçün xüsusi məna ifadə edir - mən daha əvvəl heç vaxt belə gözəl şəraitdə məşq etməmişəm. Daha güclü olmaq üçün tam gücümlə məşq edə bildiyim zaman buraya yenidən gəlmək istəyirəm.