22 aprel 2023
Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokunda iştirak edən Moldova nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- Dünya kubokunun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkür etmək istəyirəm. Bakıda ən müasir dünya standartlarına uyğun tikilmiş fantastik arena mövcuddur. Təəssüf ki, Moldovada belə şəraitimiz yoxdur, amma təbii ki, idmanın, o cümlədən gimnastikanın inkişafına çalışırıq. Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şərait yaradılıb. Bu, yeganə idman qurğusu deyil. Azərbaycan rəhbərliyi tərəfindən idmanın inkişafına xüsusi diqqət yetirilir. Bundan öncə cüdo yarışlarında da iştirak etmişəm. Etiraf edim ki, cüdo həvəskarı olsam da, dünya kuboku yarışlarında iştirakımdan sonra gimnastlara da azarkeşlik edəcəyəm. Çünki gimnastika növü öz gözəlliyi ilə xüsusilə fərqlənir.