13 mart 2023
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya kubokunda iştirak edən türkiyəli gimnastlarla görüşüb. Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb.
- İlk dəfədir ki, Milli Gimnastika Arenasına gimnastika yarışlarına baxmağa gəlirəm. Bundan əvvəl Heydər Əliyev adına İdman Sarayında görmə əngəlli cüdoçular arasında keçirilən yarışları və keçən il gənclərdən ibarət güləş komandamızın çıxışlarını izləmişəm. Milli Gimnastika Arenasında yüksək səviyyəli şərait mövcuddur. Yarış yüksək səviyyəli təşkilatçılığı ilə fərqlənir. Sevindirici haldır ki, Azərbaycan təmsilçisi də bu yarışda qızıl medal qazandı. Türkiyəli idmançılar Azərbaycanda keçirilən yarışlarda iştirak etməyi çox xoşlayırlar. Ümumiyyətlə, ölkənizdə gimnastika ilə yanaşı, üzgüçülük, güləş və s. növlər üzrə mötəbər yarışların keçirilməsi üçün yüksək infrastruktur mövcuddur. Mötəbər yarışların Azərbaycanda təşkil olunması bizi çox sevindirir. Yarışda Türkiyə komandasının bir üzvü bürünc medala layiq görüldü. Bu bizim üçün qürurvericidir. Aprel ayında Türkiyənin Antaliya şəhərində idman gimnastikası üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. İdmançılarımızla görüş zamanı bu və qarşıdakı yarışlara hazırlıqla bağlı müzakirələr etdik. İnanırıq ki, təmsilçilərimiz bundan sonra da uğurlar qazanacaqlar.