05 iyun 2024
Kamerunun Milli Olimpiya və İdman Komitəsinin vitse-prezidenti, Afrika Badminton Konfederasiyası Şurasının üzvü Odet Esembe Enqulu ilə müsahibəni sizə təqdim edirik.
“Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”i haqqında təəssüratlarınızı öyrənmək istərdik.
-Tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Həqiqətən, çox zövq alıram. Bu “Challenge”i izləmək, çıxışlara şahidlik etmək, doğrudan, çox xoş təsir bağışlayır.
Azərbaycanda gimnastikanın inkişafını neə qiymətləndirirsiniz?
-Şüphəsiz, Azərbaycanda gimnastikanın inkişaf səviyyəsi xeyli yüksəkdir. Çünki mən indiyə qədər başqa heç bir yerdə bu cür təşkilatçılıq görməmişdim. Burda gördüklərimə əsasən belə qənaətə gəldim ki, Azərbaycan gimnastları dünya miqyasında özünəməxsus yerə sahib idmançılardır. Düşünürəm ki, Azərbaycanda gimnastikanın inkişafı üçün yaradılan şəraiti görmək dünya ölkələrinin gimnastika federasiyalarını bu idman növünü öz ölkələrində inkişaf etdirmələri üçün ruhlandıracaq və gəlib sizin təcrübənizi öyrənmək istəyəcəklər.
Azərbaycanda keçirdiyiniz günlər ərzində xatirinizdə ən çox nələr qalacaq?
-Bura ilə bağlı ən çox insanların istiqanlı münasibəti yadımda qalacaq. Mən bu cür münasibəti başqa heç yerdə görməmişəm. Hətta o qədər istiqanlı yanaşıblar ki, bu günlər ərzində özümü evimdə kimi hiss edirəm. Əlavə olaraq Azərbaycan dövlətinə idmana bu qədər diqqət və qayğı göstərdiyi, inkişafına şərait yaratdığı üçün təşəkkür etmək istəyirəm. Bu, çox əhəmiyyətlidir. Bu səbəbdən inkişaf davam edir.