11 mart 2023
Ölkəmizdə idman gimnastikası üzrə keçirilən Dünya kubokunda kişilər arasında halqalar proqramında qızıl medal qazanan Azərbaycan yığma komandasının üzvü Nikita Simonov qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:
- Təəssüratlarım çox gözəldir. Bu yarış Olimpiadaya gedən yolda ən vacib mərhələlərdən biri hesab olunur. Hakimlərdən aldığım xal qənaətbəxşdir. Qızıl medal qazandığım üçün sevinirəm. Amma bununla kifayətlənməməli, öz üzərimdə daha çox işləməliyəm. Dünya kubokunun təsnifat mərhələsində birinci olmuşdum. Bu baxımdan bir qədər həyəcan var idi. Amma idmançı yüksək səviyyəli hazırlıq prosesi keçəndə həm də özünəinamlı olur. Qarşıda məni Avropa çempionatı gözləyir. Burada da yaxşı çıxış edərək, dünya çempionatında iştirak hüququ qazanmalıyam. Bir aydan sonra Misirdə lisenziya mərhələsi hesab olunan daha bir Dünya kuboku olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün şansımı yüksək dəyərləndirməliyəm.