İdman

gimnastikadan

başlayır

“Ölkəmizdə gimnastika inkişaf mərhələsindədir”

04 avqust 2023

“Ölkəmizdə gimnastika inkişaf mərhələsindədir”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ölkəmizdə keçirilən təlim-məşqlərdə iştirak edən Hindistanın “Flexifit Gymnastics Academy” klubunun bədii gimnastı Layf Adlaxa ilə müsahibəni təqdim edir.

- Bu, sizin Bakıya ilk səfərinizdir?
- Bu, mənim Bakıya ikinci səfərimdir. İlk dəfə burada may ayında olmuşam.
- Bakı ilə bağlı təəssüratınızı bilmək istərdik.
- Azərbaycan çox gözəl ölkədir. İnsanlar çox mehriban və mülayimdirlər. Hər kəs səmimidir. Ölkəniz Hindistan kimi çox gözəldir. Bura mənim çox xoşuma gəlir.
- Zəhmət olmasa, səfərinizin məqsədi barədə məlumat verərdiniz.
- Biz buraya təlim-məşq toplanışı üçün gəlmişik. Hindistanda bu cür şəraitimiz yoxdur. Burada məşqçilər və ümumiyyətlə, gimnastika yüksək səviyyədədir. Çıxış xalçaları mən deyərdim ki, idealdır. Mən, buraya təcrübəmi artırmaq məqsədi ilə gəlmişəm.
- Hindistanda bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Hazırda ölkəmizdə gimnastika inkişaf mərhələsindədir. Bədii gimnastika digər idman növləri kimi populyar deyil. Bu növ insanlar tərəfindən bir o qədər də tanınmır. Sadəcə idman növü kimi mövcuddur. İnkişaf prosesi davam etsə belə çox zəif gedir.
- Burada hansı məşqləri edirsiniz?
- Gün ərzində 7 saat məşq edirəm - 4 saat səhər, 3 saat isə axşam. Mən burada xoreoqrafiya, dartınma, dözümlülük hərəkətləri və s. kimi məşqləri yerinə yetirirəm.
- İdmanda uğur qazanmaq üçün nə etmək lazımdır?
İdmanda uğura nail olmaq istəyirsinizsə, öz üzərinizdə çoxlu işləməlisiniz. Əgər hər hansı bir hərəkəti yerinə yetirərkən çətinlik çəkirsinizsə, o zaman təslim olmadan arzularınıza çatmaq üçün məşq etməlisiniz.