İdman

gimnastikadan

başlayır

“Qazanılan qızıl medalları Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edirik”

24 oktyabr 2023

“Qazanılan qızıl medalları Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edirik”

Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında 7 qızıl, 2 gümüş medal qazanan təmsilçilərimiz oktyabrın 24-də Vətənə dönüb. İdmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məşqçilər, gimnastlar, idmançılarımızın ailə üzvləri və yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb. Gimnastlarımız Avropa çempionatında iştirakla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.
Qitə çempionatında qarışıq cütlük proqramında 3 qızıl medala sahib çıxmış Ağasif Rəhimov yarışın çox yaxşı keçdiyini və parlaq anlarla yadda qaldığını vurğulayıb.
"Təlim-məşq toplanışı zamanı yaxşı hazırlıq prosesi keçmişdik. Rəqiblərimiz çox güclü idi və yaxşı çıxış etmək üçün əlimizdən gələni etdik. Üç qızıl medal qazanmağımız onu göstərir ki, öz üzərimizdə ciddi işləmişik. 2021-ci ildə keçirilən Avropa çempionatında 2-ci yeri tutmuşduq. Bu dəfə daha yüksək xal toplayaraq qızıl medal qazandıq”, - deyə idmançımız bildirib.
Qarışıq cütlük proqramında eyni uğura imza atmış Raziyə Seyidlinin sözlərinə görə onları qarşıda dünya çempionatı gözləyir:  "Dünya çempionatında iştirak bizim üçün vacibdir, çünki bu yarışda hələ qalib olmamışıq. Bəli, ikinci və üçüncü yerləri tutmuşuq, amma istərdik ki, dünya çempionatında da birinci yeri tutaq”.
Daniel Abbasovla birgə kişi cütlüyünün tərkibində çıxış edən Murad Rəfiyev qazanılan mükafatları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə həsr etdiklərini vurğulayıb.
"Biz ən yaxşı nəticə göstərərək, Avropa çempionu adını qazana bildik. Qazanılan qızıl medalları Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edirik", - deyə Rəfiyev qeyd edib.
Nəzrin Zeyniyeva və Zəhra Rəşidova ilə birgə gənclər arasında qadın qrupunun üzvü Anahita Bashiri ilk dəfə Avropa çempionatında iştirak etdiyini qeyd edib: "Çıxışımızdan razı qaldıq. Ümid edirik ki, qarşıda bu uğurumuzu digər yarışlarda da təkrarlayacağıq".