21 noyabr 2023
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Bolqarıstanın Sofiya şəhərində yerləşən Vassil Levski adına Milli İdman Akademiyasının dosenti, fəlsəfə doktoru, bədii gimnastika üzrə məşqçi Mariya Qateva ilə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Mariya Qatevadır. Mən əslən bolqarıstanlıyam, Sofiyadanam. Əvvəllər bədii gimnastika üzrə Bolqarıstan milli komandasında peşəkar gimnast kimi çıxış etmişəm. Bu, uzun illər əvvəl idi. Sonradan karyeramı Milli İdman Akademiyasında təhsil alaraq davam etdirdim. Bakalavr, magistr və PhD (fəlsəfə doktoru) dərəcələrim var. Universiteti bitirdikdən sonra işimi Akademiyada davam etdirdim. Hazırda mən orada məruzəçiyəm. Eləcə də, bu universitetdə sosiologiya üzrə professoram. Əsasən, gələcək mütəxəssislər, bədii gimnastika üzrə məşqçilər və müəllimlərlə işləyirəm.
- Azərbaycana birinci dəfə gəlirsiniz?
- Mənim buraya ilk səfərim təxminən keçən il olub. İlk dəfə Mariana Vasilevanın dəvəti ilə bu ölkəyə səfər etmişəm. Artıq bir il keçib. Universitetimizi təmsil edən professor Gyurka Qançeva bizi Akademiya ilə əməkdaşlıq etməyə dəvət edib. O, hazırda Akedemiyanın (ADBTİA) gimnastika kafedrasında çalışır. Buraya Nikolay İvanovla birlikdə onun təklifi və dəvəti ilə gəlmişik. O, Sofiya Milli İdman Akademiyasında çalışmaqla yanaşı, Bakıda universitetin tələbələri ilə işləyir.
- Burada hansı məşqləri keçdiniz?
- Təəssüf ki, zalda yalnız bir gün işləmək imkanım olacaq. Çünki sonrakı günlərdə Universitetdə olmalıyam. Qızlarla tanış oldum. Qeyd edim ki, burada qızlar çoxdur. Onlar burada çalışırlar və məşq etmək üçün əllərindən gələni edirlər. Bu, mənim üçün çox maraqlıdır. Yeni yerə getdiyim zaman fərqli sistem, mentalitet görürəm. Amma bunun nə qədər fərqlənəcəyini əvvəlcədən bilmirəm. Həqiqətən də, Azərbaycanın məşq sisteminə əslən bolqarıstandan olan Mariana Vasilevanın təsiri çox böyükdür. Buna görə də gimnastlarınız çox fərqlənirlər. Mənim üçün bu, həm də bir təcrübədir.
- Azərbaycan gimnastlarının məşq sistemi ilə tanış ola bildinizmi?
- Sizin gimnastlarınızı yaxından tanımağa çalışıram. Ümumiyyətlə, deyə bilərəm ki, sizin gimnastika məktəbiniz kənardan tanınır. Çıxış proqramına baxarkən, bunun sizə aid olduğu dərhal bilinir. Həqiqətən, güclü və fantastik bir üslubunuz var. Çox gözəldir ki, hər kəs özünü lazımi şəkildə göstərə bilir. Bu, həqiqətən unikaldır və sizi fərqləndirir. Bu, xoreoqrafiya, çıxışlar, texniki və fiziki hazırlığın necə qurulduğunu göstərir.
- Bakını gəzmək imkanınız oldumu?
- Səyahət etmək, yeni yerlər və mədəniyyətlərlə tanış olmaq, onları kəşf etmək böyük bir sərvətdir. Təəssüf ki, vaxtım azdır. Məşqlər kifayət qədər intensiv keçir. Burada tələbələrdən, gimnastlardan təəssüratlarını öyənirəm. Deyərdim ki, mentalitet hər yerdə eynidir. Bir sözlə, uşaqlar hər yerdə uşaqdırlar, eyni səhvləri edirlər, eyni davranış və hərəkətləri təkrarlayırlar. Tələbələr də eynidir. Görünən bəzi fərqlər var ki, bunlar tamamilə normaldır.
- Milli Gimnastika Arenası ilə tanış olmaq imkanınız oldumu?
- Arena çox möhtəşəmdir. Mən buranı ətraflı şəkildə görmək istəyirəm. İndi olduğumuz məşq zalı ilə bağlı demək istərdim ki, hər kəsə, hər bir məşqçiyə bu cür imkanlara sahib olmağı arzulayıram.
- Gimnastlara tövsiyəniz nədir?
- İlk növbədə, gimnastlara məşğul olduqları işi sevməyi tövsiyə edirəm. Onlar bundan zövq almalıdırlar. Onlar bu işi məşqçinin göstərişi ilə deyil, özləri özlərini motivasiya edərək görməlidirlər. Onlar məşq etmək üçün əllərindən gələni etməlidirlər. Gimnastlara məsləhətim ondan ibarətdir ki, gördükləri işdən həzz alsınlar. Hər gün daha da güclü olmağa çalışsınlar.