İdman

gimnastikadan

başlayır

“Təlim-məşq toplanışından gözləntilərimiz təcrübə toplamaqdır” 

20 noyabr 2022

“Təlim-məşq toplanışından gözləntilərimiz təcrübə toplamaqdır” 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avstraliyanın bədii gimnastika üzrə məşqçisi Kayli Cannin ilə müsahibəni təqdim edir. 

- Zəhmət olmasa, paytaxtımız haqqında ilk təəssüratlarınızı bizimlə bölüşərdiniz.
Bura çox gözəldir. Ölkənizin çox böyük tarixi var. Biz Brisbendə - evimizdə belə memarlıq nümunələrinə az rast gəlirik, həm də şəhərinizdə bir çox hündür binalar və qədim tikililər mövcuddur. Brisbendə yaşadığım ərazidə bütün evlər istiyə qarşı dözümlüdür və binaların fasadları dəmir konstruksiyadan hazırlanıb. Mənim fikrimcə, şəhəriniz çox gözəldir.
- Zəhmət olmasa, səfərinizin əsas məqsədi barədə məlumat verərdiniz.
Bizim əsas məqsədimiz sözsüz ki, sizin peşəkar məşqçilərinizlə işləmək, eləcə də bütün çıxışların Beynəlxalq Gimnastika Federasiyasının (FIG) hakimləri tərəfindən qiymətləndirilməsidir. Bundan əlavə, Bakıda heyrətamiz idman qurğusu mövcuddur. Etiraf edim ki, bizdə bu cür imkanlar demək olar ki, yoxdur. Digər gimnastların çıxışlarına baxmaq bizə təcrübə qazandırır. İnanıram ki, biz də təkmilləşir və inkişaf edirik.
- Bu Bakıya ilk səfərinizdir? Təlim-məşq toplanışından gözləntiləriniz nədir? 
Bu, qrupumuzun bir üzvündən başqa Bakıya ilk səfərimizdir. Təlim-məşq toplanışından gözləntilərimiz təcrübə toplamaqdır. Təcrübənin əldə olunması, düzəlişlər, inkişaf və inkişafdan əlavə digər əldə edə biləcəyimiz faydalı məqamlar var. Bütün qızlarımız burada məşq edirlər və sözsüz ki, əldə olunan təcrübədən öz ölkəmizdə də istifadə edəcəyik. 
- Neçə müddətdir ki, məşqçilik edirsiniz?
İlk növbədə, beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərmiş və daha sonra məşqçilik etməyə başlamışam. 
- Avstraliyada bədii gimnastikanın inkişafı barəsində fikirlərinizi bilmək istərdik.
Avstraliyada gimnastikanın inkişafı üçün bizdə bir çox məkanların olmasına ehtiyac var və xarici ölkədən bizə məşqçilər dəvət olunmalıdır. Bizim üçün ən vacib olan təcrübə qazanmaqdır.
- Milli Gimnastika Arenası barədə təəssüratlarınız necədir? 
Əlbəttə, Arena çox möhtəşəmdir və qapının digər tərəfində olan hissə çox heyrətamizdir. Bura çox xüsusi bir layihə əsasında hazırlanıb.
Necə düşünürsünüz, Azərbaycanda bədii gimnastikanı nə fərqləndirir?
Mən sizin xoreoqrafiyanızı həmişə bəyənmişəm. Gimnastlarınızın çıxışlarını televizordan izləyirəm. Onlar elementləri çox dəqiq yerinə yetirirlər və mən hər zaman onların xoreoqrafiyasını, geyimlərini, gözəl çıxışlarını bəyənirəm. Qızlarınız çox istedadlıdır. Həmçinin, sizin balaca gimnastlarınızın çıxışlarını gördüm və deyə bilərəm ki, çox bacarıqlıdırlar.