06 mart 2024
Avropa çempionatının gümüş və bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup komandasının üzvü, hazırda isə bədii gimnastika üzrə milli komandanın məşqçisi olan əməkdar idman ustası Aliyə Paşayeva 2024-cü il üçün idman səfirləri sırasında yer alıb. Məşqçimiz təəssüratlarını bizimlə bölüşüb.
- Xatırladım ki, 2023-cü ildə ölkəmizdə "İdman səfiri” seçilmişdim. 2024-cü ildə də bu fəaliyyətimi davam etdirəcəyəm. Bu xəbər məni, ailəmi və yaxınlarımı çox sevindirdi. Böyük məmnuniyyətlə işimi davam etdirəcəyəm. Ölkəmizin "İdman səfiri” kimi əsas işim idmanın populyarlaşmasında yaxından iştirak etməkdir. Vəzifəmə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tədbirlərdə, eləcə də xeyriyyə və sosial layihələrdə iştirak etmək, KİV və sosial şəbəkələr vasitəsilə idmanın təbliği, idman təşkilatları ilə sıx əlaqələrin yaradılması daxildir. Ümid edirəm ki, təcrübəli idmançı və məşqçi kimi idmanda baş verən hadisələri yaxından izləyərək bu sahənin inkişafına “İdman səfiri” kimi öz töhfəmi verəcəyəm.