23 aprel 2023
Azərbaycanda bədii gimnastika üzrə keçirilən Dünya kubokunun çoxnövçülük proqramında, lent, halqa və gürzlərlə qalibi Bolqarıstan təmsilçisi Stiliana Nikolova qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:
- Bədii gimnastika ilə 4 yaşımdan məşğul oluram. Anam bu növ üzrə məşqçidir. Uşaqlıqdan əsas oyuncaqlarım gimnastika alətləri olub. Dünya kuboku mənim üçün uğurlu oldu, 4 qızıl medala sahib çıxdım. Adətən, yarışdan əvvəl bir qədər həyəcanlı oluram. Çıxışlarım zamanı isə bu barədə düşünməyə vaxt qalmır. Yarışdan sonra isə emosiyalarım çıxışımdan asılı olur. Sonra yarışla bağlı bu məqamları xatırlayanda insanda xoş hisslər yaranır. İkinci dəfədir ki, Bakıya səfər edirəm. Şəhər mənim çox xoşuma gəlir, buradakı binalar memarlıq baxımından zövqü oxşayır. Milli Gimnastika Arenası isə möhtəşəmdir. Dünyada belə arenaların çox olmasını istərdim. Bu arenada məşq etmək mənim üçün çox rahat idi. Qarşıda məni Bolqarıstanda keçiriləcək yerli yarış gözləyir. Daha sonra digər mötəbər yarışlara hazırlaşacağam.