09 mart 2017
"Azərbaycanda gimnastlar üçün yaradılan şərait barədə biz İraqda çox eşitmişdik, ona görə Bakıya gəlməyi qərara aldıq", - bunu Trend-ə İraq milli komandasının baş məşqçisi Mahmud əl-Duleymi deyib.
Onun sözlərinə görə, İraq idmançıları Azərbaycanda Dünya kubokunda ilk dəfə iştirak edəcəklər. “Burada yaxşı çıxış edəcəyimizə ümid edirik. Biz artıq Gimnastika arenasında məşq edə bilmişik. Alətləri sınaqdan keçirmişik. Biz məmnunuq ki, bu cür alətlərlə işləmək imkanımız var”.
O qeyd edib ki, İraq millisinin əsas hədəfi Asiya çempionatına hazırlaşmaqdır: “Biz buraya böyüklərlə yox, həm də yeniyetmələrlə gəlmişik. Bakıda bizim böyük təlim-məşq toplanışımız var. Ona görə Azərbaycanı seçmişik ki, burada gimnastlar üçün yaradılmış şərait haqqında çox eşitmişdik”.
“Trend” İnformasiya Agentliyi, 9 mart 2017-ci il