23 aprel 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq toplanışlarında iştirak məqsədilə ölkəmizə səfər edən əslən macarıstanlı olan Filipinin bədii gimnastika üzrə komandasının məşqçisi Dora Vass ilə müsahibəni təqdim edir.
- Dora xanım, Azərbaycana xoş gəlmisiniz. Burada komandanızın neçə üzvü məşq edir?
Hazırda burada mənimlə birgə Filippin yığma komandasının bir gimnastı məşq edir. Adətən biz məşqlərimizi Budapeştdə, Macarıstanda keçirik.
- Məşqləriniz necə keçir?
Çox gözəl. Mən Bakıda məşq keçməyi çox xoşlayıram. Hələ gimnast kimi çıxış etdiyim dövrlərdə də təxminən 2-3 il burada məşq etmişəm. Əslində, bu, mənim üçün yeni təcrübə deyil. Yalnız iş sahəm dəyişib.
- Burada hansı məşqlər keçirsiniz?
Biz hər gün xoreoqrafiya məşqləri edirik. İdmançımız hər səhər məşqlərə xoreoqrafiya ilə başlayır. Sonra ümumi fiziki hazırlıq, daha sonra isə proqramlar üzərində işləyirik. Çünki qarşıda bizi bir sıra yarışlar gözləyir.
- Qarşıda sizi hansı yarışlar gözləyir?
Hazırda Cənubi Asiya Oyunlarına hazırlaşırıq. Bu, bizim və Filippin komandası üçün çox vacib yarışdır. Bundan sonra biz Asiya çempionatına hazırlaşacağıq. Asiya çempionatında uğurla iştirak edə bilsək, dünya çempionatına qatılacağıq. Daha sonra biz sentyabr ayında Asiya Oyunlarında çıxış etməyi planlaşdırırıq.
- Yetirmənizin hansı uğurları var?
O, hazırda Filippin çempionudur. O, bu il gənclər arasında yarışlarda iştirak edirdi. 2019-cu ildə gənclər arasında dünya çempionatında uğurla çıxış edib. Cənubi Asiya Oyunlarında topla hərəktləri icra edən ən yaxşı gimnast olub. Təbii ki, bizim üçün regionun ən yaxşısı olmaq daha vacibdir.
- Necə oldu ki, Milli Gimnastika Arenasında məşqlərinizi davam etdirməyə qərar verdiniz?
Biz buraya ona görə gəldik ki, Bakıda, Azərbaycanda məşq keçmək üçün yüksək səviyyəli şərait mövcuddur. Bura gəlməyi çox xoşlayıram. Sizin peşəkar mütəxəssisləriniz var. Mən sizin məşqçilərdən, Mariana Vasilevadan, Natalya Bulanovadan çoxlu təcrübə əldə etmişəm. Mənim üçün Bakıya gəlmək həmişə öz evimə qayıtmaq kimidir.
- Azərbaycan gimnastları haqqında nə deyə bilərsiniz?
Onlar günü-gündən təkmilləşirlər. Gimnastlarınız həqiqətən yaxşıdırlar. Mən ümid edirəm ki, onlar Təl-Əvivdə keçiriləcək Avropa çempionatında uğurla iştirak edəcəklər.
- Zəhmət olmasa, Azərbaycan haqqında təəssüratlarınızı da bizimlə bölüşərdiniz.
Doğru xatırlayıramsa, Azərbaycana ilk dəfə 2007-ci ildə səfər etmişəm. Bakıya 2009 və 2014-cü ildə keçirilən Avropa çempionatları zamanı da gəlmişəm. Daha sonra dəfələrlə təlim-məşq toplanışlarında iştirak etmişəm. Demək olar ki, Azərbaycan mənim ikinci evimdir. Şəhər xeyli dəyişib. Son 15 ildə gördüklərimə əsasən deyə bilərəm ki, şəhər daha gözəl olub. Hər şey sadəcə möhtəşəmdir.
- Necə düşünürsünüz, yaxşı məşqçi hansı keyfiyyətlərə malik olmalıdır?
Bunu demək çox çətindir. Düzünü deyim ki, hələ ki, özümü ən yaxşı məşqçi hesab etmirəm. Amma təbii ki, yaxşı məşqçi ilk növbədə səbrli olmalıdır. Biz qaydaları çox yaxşı bilməliyik və gimnastlara bütün biliklərimizi, daxilimizdə olan hər şeyi ötürməyə çalışmalıyıq.
- Sizin gimnastikada nəticələriniz varmı?
Mən bədii gimnastika üzrə üçqat Macarıstan çempionu, dünya çempionatının üçqat finalçısıyam. Dəqiq xatırlamıram, amma bir neçə dəfə Avropa çempionatının finalçısı olmuşam. Avropa çempionatında gənclər arasında ən yaxşı nəticəm 5-ci və 6-cı, böyüklər arasında isə 13-cü yer olub. Dünya çempionatında isə 20-ci yeri tutmuşam.