İdman

gimnastikadan

başlayır

"Biz burada məşq etməkdən zövq alırıq"

05 dekabr 2023

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Conatan Mangirinq Sianturidir. İndoneziyanın, Cakartanın kişi idman gimnastikası üzrə komandasının baş məşqçisi kimi fəaliyyət göstərirəm.
- Komandanızın heyəti barədə məlumat verərdiniz.  
- Biz buraya üç gimnastla gəlmişik. Buradakı komandamız qarışıq heyətdən ibarətdir. Komandamızda millinin gimnastları ilə yanaşı, keçmiş yığma komandanın üzvü olan iki gimnast da yer alıb. Son yarışda burada olan Josef adlı idmançımız Cənub-Şərqi Asiya Oyunlarında sərbəst hərəkətlərdə bürünc medal əldə edib. Əslində, bəzi gimnastlar beynəlxalq səviyyəli yarışda iştirak edə bilərlər. Onlardan bir neçəsi Cənub-Şərqi Asiyada və bəzisi isə Asiya Oyunlarında iştirak edir. Gimnastlarımızdan birinin Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansı var.
- Bildiyimizə görə, Bakıya ilk dəfə səfər edirsiniz. Arenada keçirilən məşqlərdən razı qaldınızmı?
- İlk dəfədir ki, buraya gəlirəm. Səfərim zamanı arenadakı şəraitin yüksək səviyyədə, hətta möhtəşəm olduğunun şahidi oldum. Biz burada məşq etməkdən zövq alırıq. Burada bir sıra yeni elementləri, daha çox təhlükəsizlik və s. aspektləri sınaya bilərik.
- Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Bu, mənim Azərbaycana ilk səfərimdir. Bugünlərdə “İçərişəhər” adlı Tarix-Memarlıq Qoruğuna səfər etdik. Şəhərin qədim tarixi mənə çox maraqlı gəldi. Burada gimnastlar, xüsusilə də məşqçilər çox mehribandırlar.