İdman

gimnastikadan

başlayır

"Bizim Azərbaycanla sıx dostluq əlaqələrimiz var"

18 avqust 2023

- Bakıya xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
Mənim adım Gözəl Muminovadır. Mən Özbəkistan Gimnastika Federasiyasının vitse-prezidenti və Asiya Bədii Gimnastika İttifaqının Texniki Komitəsinin prezidentiyəm. İlk növbədə, AGF-yə bizi bu təlim-məşq toplanışına dəvət etdiyi üçün təşəkkür etmək istəyirəm. Buraya bədii gimnastika üzrə Özbəkistanın qrup hərəkətləri yığma komandası və fərdi gimnast Təxminə İkromova ilə birgə gəlmişik.
- Bu, Bakıya ilk səfərinizdir?
Bu, bizim Bakıya ilk səfərimiz deyil. Burada keçirilən təlim-məşq toplanışları və yarışlarda iştirakımızdan məmnunuq. Dünya çempionatı öncəsi Azərbaycana gəlmək bizim üçün artıq bir ənənəyə çevrilib. Bilirsiniz, ciddi yarışlara hazırlaşarkən, mühiti dəyişmək çox vacib məqamdır. Doğma məkanda yaxşı məşq etmək hər dəfə mümkün olmur.
- Milli Gimnastika Arenasında təlim-məşq toplanışlarından razısınız?
Məşq üçün həmişə arenanızı seçirik, çünki burada məşq, fizioterapiya, masaj və s. üçün şərait var. Ən önəmlisi isə odur ki, bizim Azərbaycanla sıx dostluq əlaqələrimiz var. Biz bütün məşqçilərlə, idmançılarla rahat ünsiyyət qururuq və özümüzü burada evdəki kimi hiss edirik. Üstəlik, əlbəttə ki, biz həmişə bir-birimizdən öyrənirik. Azərbaycan Gimnastika Federasiyası (AGF) ilə bölüşəcəyimiz məqamlar var. Sizin təcrübəniz çoxdur, qrup hərəkətləri komandanız möhtəşəmdir. Onları təkcə biz deyil, bütün dünyada bir çox azarkeşlər bəyənir.
- Özbəkistanda gimnastikanın inkişafı barəsində təəssüratlarınızı bilmək istərdik.
Özbəkistanda bədii gimnastika, idman gimnastikası batut, akrobatika gimnastikası da daxil olmaqla, gimnastikanın bütün növləri üzrə məşq etmək üçün, həqiqətən də yaxşı şərait var. Məşq prosesinin keçirilməsi üçün yüksək şərait mövcuddur. Gələn il biz Özbəkistanda bədii gimnastika üzrə ənənəvi Dünya kuboku və həm idman, həm də bədii gimnastika üzrə iki Asiya çempionatı keçirəcəyik. Məhz buna görə də biz gimnastlarınızı həm Dünya kubokunun iştirakçısı, həm də Asiya çempionatında azarkeş kimi səbirsizliklə gözləyəcəyik.